Azərbaycan nümayəndə heyəti Rusiyada Gənclərin Parlamentlərarası Forumunda iştirak edir
Sankt-Peterburqda “Gənc parlamentarilər – MDB-nin gələcəyinə baxış” mövzusunda MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Forumu keçirilir. Tədbir MDB-yə üzv ölkələrin Parlamentlərarası Assambleyasının 30 illiyinə və Gənclər Parlamentlərarası Assambleyasının 10 illiyinə həsr olunub.
“Report” MDB Parlamentlərarası Assambleyasının Şurası Katibliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, forumda MDB Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Emin Hacıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edir.
Gənc parlamentarilər və ictimai hərəkatların liderləri gənclərin beynəlxalq əməkdaşlığının prioritet sahələrini, mövcud çağırışları və ictimai gənclər diplomatiyasının rolunu, MDB məkanında gənclərin parlament strukturlarının inkişafı təcrübəsi və perspektivlərini müzakirə edirlər.
Milli Məclisin sədri Sahibə Qafarovanın tədbirin iştirakçılarına ünvanladığı təbrikdə deyilir ki, MDB Gənclər Parlamentlərarası Assambleyası gənclər arasında dostluq münasibətlərinin və qarşılıqlı əlaqələrin möhkəmlənməsinə töhfə verir: “Assambleya çərçivəsində həyata keçirilən layihə və tədbirlər xalqlarımızı birləşdirən ümumi tarixi yaddaşı, dostluq münasibətlərini nəsildən-nəslə ötürməyə imkan verir”.
S.Qafarova deyib ki, bu yubiley ilində MDB Gənclər Parlamentlərarası Assambleyasına Milli Məclis sədrlik edir.
Bu gün forum çərçivəsində seminarlar, müzakirə panelləri və ustad dərsləri keçirilir. Həmçinin forumda MDB-də Xalq yaradıcılığı və mədəni irs ilinə həsr olunmuş MDB-yə üzv ölkələrin Parlamentlərarası Assambleyasının 18-ci iclası da keçiriləcək.