O işinin ustası idi. Kütləvi edamın iyini ya instinktləri əvvəlcədən ona xəbər verirdi, ya da qan çanağında — zindan yaxınlığındakı təpənin üstündə axşam azanından qabaq başlanan hazırlıq işləri onu duyuq salırdı. Budur, yoğun səsli pişik dili ilə dodaqlarını yalayıb, otağın pəncərəsi altında miyoldamağa başladı. Səs Fatmanın canına vicvicə saldı. “Edama məhkumları səfərbərliyə çağırır…” Beyninə iynə kimi sancıldı.
Səriyyə arxadan onun çiyinlərindən tutdu. Hiss etmişdi hər dəfə kütləvi edamdan əvvəl Fatma gələcəyi üçün narahatçılıq hissi keçirir. Axşam azanı səslənəndə edama məhkumlar zindanın yazılmamış qanununa əsasən son işlərini yerinə yetirir, mənəvi borclarını ödəyirdilər. Onlar əşyalarının bir hissəsini otağın ortasına atmağa başladılar.
Məhbuslardan biri əlindəki əşyaya işarə ilə:
— Əgər dərdinizə dəyəsi burda bir şey varsa, gəlin götürün!
Cümləni bütöv və birnəfəsə dedi, lakin dodaqları əsirdi. Təsəvvür etmək çətindir o bir də danışmayacaq! Bir də kütləvi edam gülləsi açılanda o da ağzını açacaqdı. Əlbəttə söz deməyəcək, yalnız ağrının dəhşətindən ya çığıracaq, ya da inildəyəcəkdi. Baxır, güllə onun harasından bədəninə girəcəkdi. Güllənin qərar tutacağı məkan məhbusun boyundan və vücudunun həcmindən asılı idi. Ətraflara dəyən güllələr məhbusu birbaşa öldürmədiyindən onun canından çıxan çığırtılar ümumi ah-vaya qarışıb Urmu dağının qayalıqlarında əks-səda verəcəkdir. Dağın sinəsindəki çarpaz yara məhkuma vurulacaq tiri-xilasdan sonra səngiyəcəkdir. Ya da güllə beyindən və ya ürəkdən bədənə yol alarsa, məhbus yalnız dodaqucu inildəməkdən savayı nəyisə söyləməyə imkan tapmayacaqdır. İndilik məhbus həyatındakı son səxavətini nümayiş etdirdi.
İkinci bir məhbus əlindəki darağı ortaya tullayıb:
— Varın verən utanmaz, olanım budur…
Zindana keçən həftə atılmış Sahra qızıl suyu ilə işlənmiş bir saç sancağını ortaya atıb arxasıyca gözləri dolmuş halda uzun-uzadı baxdı. Nişanlısından üstündə qalmış yeganə nişanə idi. İndi qulaqlarında onun yalvarışları dururdu, etiraf etməsə belə təəssüf hissi ilə o səsin ritmi altında özünü əsir etmişdi. “Gəl, bu yerdən qaçaq… Yoxsa mollalar axırımıza çıxacaqlar.” Sahranın “olmaz, yox” qəti etirazlarının cavabı belə olmuşdu: “Səni yerindən tərpətmək dəvəyə xəndəyi atlatmaq kimi bir şeydir.” Qız əlini uzadıb komalanmış əşayaların içindən sancağı dartıb çıxardaraq yenidən saçına taxdı. Bu sadəcə peşmançılıq və ya əşyasını başqasına qıymamaq deyildi. Xəndəkdən atlana bilməyən “dəvənin” ölümə sevgili yadigarı ilə getməyə üstünlük verməsi idi.
— Bu da məndən… — Ortaya bir cüt təzə corab atan məhbus, yalnız bunu mızıldandı: — Təəssüf, bu istidə gərəksizdir.
“Unutma, Urmunun qışı da var. Əgər qışa qədər burda kimsə qalsa…” Fatma əldə toxunma corabın yaşıl naxışına baxanda baharı yox, dinin müqəddəsləşdirdiyi yaşılı düşünürdü.
Beləcə, həyatla vidalaşanlar səxavət nümayiş etdirib hərəsi ortaya bir şey atdı. Ailələrindən gətirilmiş şəkil və xüsusi hədiyyələri isə oturduqları yerə qoyurdular. Əldən zirəklər edamdan sonra evlərinə çatdırılacaq düyünçələrini də özləri bağlamağa imkan tapdılar. Sübh azanından dərhal sonra şok keçirmiş məhbusların sanki bədənləri kilidlənmişdi, heç nəyə reaksiya vermirdilər. Nə səxavət nümayiş etdirir, nə də özlərindən sonrakı həyatla bağlı dillərinə bir kəlmə gətirirdilər. Bir sözlə, onlar müqəddəsliyə və insanlığa çağırış olan erkən azanın sədasının gətirdiyi ölüm qoxusunu büsbütün ruhlarına hopdurub həyata əlvida demişdilər.
Zübeydə adlı məhbus Zəhra arvada yan alıb:
— Xəhəri Zeynəb əsgəri əşyalarımı yığanda, xahiş edirəm, bunu içinə qoyarsan. İstəyirəm bunu qaynanama versinlər. Qızım böyüyəndə baxıb məni yad edər. — O, zindanda olduğu müddətdə alma toxumlarını sapa düzüb qəhvəyi rəngli bir boyunbağı hazırlamışdı. Zövqünə heyrət etməmək mümkünsüz idi. Toxumları bir boyda elə dəqiqliklə seçmişdi ki… Bu ustalığın yalnız bir adı vardı: ANA SEVGİSİ! — Bundan savayı ona yadigar qoyacağım heç nə yoxdur…
Zübeydə ETTELAAT-ın “Bayquş əməliyyatı” ovunun qurbanlarından idi. Bir gecə qızını yedizdirdiyi zaman evinə hücum edib onun əl-qolunu bağlayaraq tutmuşdular. Hadisədən kimsə anında xəbər tutmamışdı, yalnız uşağın anlaşılmaz çığırtısına qonşuluqda yaşayan qaynanası gəlib uşağa sahib çıxmış və uzun müddət gəlinini zindanlarda axtardıqdan sonra tapmışdı. Məhbusun ərini uşaq doğulmamışdan edam etmişdilər.
Məhbusların əşyalarını Zəhra bir torbaya yığıb:
— Allah övladlarınıza şərəfli ömür nəsib etsin! — Gələcəyə xeyir-dua ilə əşya dolu torbanı otağın əl-ayaq dəyməyən bir küncünə qoydu.
Edama məhkumlar bir az əvvəl əşyalarını atdıqları yerə toplaşanda digər məhbuslarsa onları dövrəyə aldılar. Səlimə əsəbi halda bağırdı:
— Nə durmusunuz? Başlayın!
— Oxuyun! — Zəhra arvad əmr etdi.
— Nəyi? — Özünü hadisələrin axınına buraxmış Fatma çaşqınlıqla sual edib ortada boy-boya durmuş edama məhkumlardan gözünü çəkə bilmirdi.
Səlimə bu dəfə ağlamsınmış səslə:
— Zindan fatəhəsini! Hamı üçün çalınacaq bir havanı… Avazla oxuyun! Qoy, öz əcəli ilə ölməyənlərə laylamız olsun!
“Qönçələr yaz küləyi ilə rəqs edirlər” mahnısını musiqisiz, lakin avazla oxumağa başladılar. Mahnı bitməmiş qapı açıldı, kimisi xahəri Zeynəb əsgərinə baxa-baxa asta səslə nəqəratı təkrarlayır, kimisi gözlərini uzağa dikib susurdu. Edama məhkumları içəridə qalan məhbuslar qucaqlayır, öpür, yola salma mərasimi ah-vay, göz yaşları ilə bu formada bitdi. Xəhəri Zeynəb əsgəri ölümə tələsməyənlərə səsləndi:
— Vaxtdır! — Edama məhkumlardan kimsə yerindən tərpənmirdi. — Tərpənin… — Görünür, hər şeyini itirmişlərə qorxu, təhdid artıq kar etmirdi. Son anda onlarda ölümə qarşı ummunitet yaranmışdı. — Bəlkə yerinizdə güllələyək sizi?
Birinci Sona addım atdı — həyatda itirməyə nəyisə olmayan! O hələ heç nə qazanmamışdı, çünki on dörd yaşını yenicə aşırmışdı. Arxasıyca digər məhbuslar… Onlar qapıdan çıxdıqca xahəri Zeynəb əsgəri onların üzünə baxb əlindəki “Qara dəftər”də işarə edirdi. Fatma ikiəlli qulaqlarını tutub divara söykəndi, özünü səfərbər edirdi kütləvi edamda atılacaq güllə səslərini eşitməsin…
Xaliq Pəhlivanoğlu