Dilimiz milli varlığımızdır
“Azərbaycana hansı sahədən baxsaq Ulu Öndər Heydər Əliyevin xidmətlərinin böyüklüyünü görürük. “Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır” söyləyən Ümummilli Lider belə bir çağırışı edirdi ki, hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü azərbaycançılıq ideologiyasının inkişafı və təbliği ilə diqqət çəkir. Məhz Onun gördüyü işlərə, torpağa, Vətənə bağlılığından irəli gələn addımlarına, gənclərə çağırışlarına söykənərək böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev hər kəsə Vətəni sevməyi öyrətdi. Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı hər bir azərbaycanlının həyat amalına çevrilərək torpağa, xalqa bağlılığını daha da artırır. Dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən xilaskarlıq missiyası xüsusi qeyd edilir. Bu baxımdan əminliklə deyə bilərik ki, Ulu Öndər 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə imzasını qoydu. 70-ci illərin ortalarından başlayaraq keçmiş İttifaq respublikalarının ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.”
Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Millət vəkilinin sözlərinə görə, dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir: “Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövründə Azərbaycan dilinin inkişafı yalnız sənədlərdə deyil, gündəlik həyatımızda, təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrildi. Bakı Dövlət Universitetinin 50 illik yubileyi bu gün böyük qürur hissi ilə xatırlanır. Tədbir ö dövrdə, kommunist rejimi üçün fövqəladə hadisə kimi qəbul edilən respublika rəhbərinin Azərbaycan dilində çıxışı ilə başlamışdır. Ümummilli Liderin bu çıxışı xalqa, ziyalılara bir çağırış idi. Bu mühüm addım sonrakı proseslərə böyük stimul oldu. Belə ki, dövlət əhəmiyyətli tədbirlərdə Azərbaycan dilindən istifadəyə geniş yer verildi, təhsil müəssisələrində ana dilinin tədrisinə ayrılan saatlar, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali məktəblərə qəbul planları əhəmiyyətli dərəcədə artırıldı. Ümummilli Lider bildirirdi ki, hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Dahi şəxsiyyət hər zaman Azərbaycan gənclərinin milli ruhda, vətənpərvərlik ruhunda böyüməsinə çalışırdı. Eyni zamanda, dünyanı Azərbaycan dili əsasında dərk etməyə çağırır, Azərbaycan gənclərinə xarici dilləri – ingilis, alman, fransız və sair dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi. Bir sözlə, Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi Ümumilli Liderin fəaliyyətinin əsas tərkib hissəsinə çevrilmişdir.”
Əliabbas Salahzadə qeyd edib ki, Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı: “1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.”
Millət vəkili Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin təkmilləşdirilməsi, inkişafı istiqamətində atdığı davamlı addımlardan geniş bəhs edərək bildirib ki, hər bir sənəd dilimizin qorunmasına bir çağırışdır: “Belə ki, Ulu Öndər dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Bu sənədə əsasən Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Ümummilli Liderin Sərəncamı ilə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi dilin hər bir ölkənin həyatında roluna bir daha işıq saldı. Ana dilinə böyük məhəbbət bu yönümdə atılan addımların geniş miqyas almasını şərtləndirir. Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi, yad təsirlərdən qorunması, dilin saflığı istiqamətində dahi şəxsiyyət Heydər Əliyevin yürütdüyü siyasət son 20 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.”