Siyası Online Qəzet

Ana dilimizi gələcək nəsillərə çatdırmalıyıq!

 Ümummilli Lider Heydər Əliyev: “Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir, bizim adət-ənənələrimizdir, bizim mənəvi-əxlaqi mentalitetimizdir”

 

Tarixən dilimiz məhrumiyyətlərə məruz qalıb. Lakin yenidən müstəqillik əldə etdikdən sonra dilmizi qoruya bilmişik. Dövlətimiz və xalqımız dilimizin təmizliyi üçün mübarizə aparıb. Əsasən Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin adını özümüzə qaytarıb. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. 2002-ci il 30 sentyabr tarixində isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qununu”nda nə yazılır: “Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır”. Bu qanuna görə, Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. Eyni zamanda qanunda bildirilir ki, Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.

Dilçi alimlərin fikrincə, Azərbaycan dili söz tərkibi baxımdan daha zəngindir. İKT-nin inkişafı baxımından dilimizə yeni sözlər də qəbul edilir. Buna görə də zaman-zaman dildə yeniliklər baş verməkdədir. Azərbaycanda dilçilik elmi yüksək inkişaf edib. Prezident İlham Əliyevin imzası ilə dilçilk sahəsində dövlət proqramları qəbul edilib. Həmçinin dövlətin dəsəyi ilə vətəndaş cəmiyyəti tərəfindən ədəbi dil qaydalarına necə əməl edilməsi, eləcə də kütləvi informasiya vasitələrində Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafı təşəbbüslərinə dəstək məqəsdi ilə layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində keçirilən tədbirlərdə Mətbuat Şurası İdarə Heyətinin üzvləri, AMEA-nın Dilçilik İnstitutunun əməkdaşları və jurnalistlərin iştirak edib öz fikir və təkliflərini verirlər. Belə layihələrdə mətbuatda alınma sözlərdən istifadə vəziyyəti araşdırılır. Həmçinin, teleradio məkanında təqdim olunan verilişlərin monitorinqi aparılır. Tablolar, reklamlar və mağazaların üzərindəki sözlərin yazılışının monitorinqi aparılır. Artıq AMEA-nın Dilçilik İnstitutunun, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin davamlı fəaliyyətləri nəticəsində media sahəsində dil normalarının pozulması halları xeyli azalıb. Bu da Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qopyulan fəaliyyətin mükəmməl şəkildə davam etdirilməsinin müsbət nəticəsidir.

Dil canlıdır, dəyişkəndir. Dildən hər kəs öz istədiyi kimi istifadə edə bilməz. Azərbaycan dilinin səlistliyini qorumaq hər birimizin borcudur. Ümummilli Lider Heydər Əliyev deyib ki, milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir, bizim adət-ənənələrimizdir, bizim mənəvi-əxlaqi mentalitetimizdir: “Bunların hamısı ilə biz fəxr edirik və fəxr etməliyik. Bizim bütün təbliğatımız, bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə görə qürur hissi, iftixar hissi doğurmaq və bu milli-mənəvi dəyərlərə sədaqət aşılamaqdan ibarət olmalıdır”. Göründüyü kimi, Ulu Öndər dilmizlə hər zaman fəxr edib. Gənc nəsil Ümummilli Liderin bu kimi sözlərini də özünə örnək bilməli və dilmizə sayğı ilə yanaşmalıdır. Bu baxımdan dilmizi qorumalıyıq və bağça və məktəblərdə uşaqlara ana dilmiz qaydalara uyğun şəkildə öyrədilməlidir. Dilmizi, xüsusən Azərbaycan dilinə məxsus sözləri gələcək nəsillərə çatdırmalıyıq.

 

Paşazadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi