Qazi Vüqar Səlim oğlu Talıbov 29 avqust 1983-cü ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. 1991-ci ildə Füzuli rayon Kərimbəyli kənd Şəhid Əkrəm Salamov adına tam orta məktəbin birinci sinfinə qəbul olunub və 2001-ci ildə həmin məktəbi bitirib.
Orta təhsilini başa vurduqdan sonra Füzuli Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətinin ilk üç ayını kəşfiyyat hazırlığı üzrə kursda keçib. Daha sonra 157 saylı hərbi hissənin istehkam bölüyündə istehkamçı-kəşfiyyatçı, manqa komandiri kimi xidmət edib və 2003-cü ildə hərbi xidmətini başa vuraraq ehtiyata buraxılıb.
Hərbi xidmətdən sonra doğma kəndində kənd təsərrüfatı ilə məşğul olsa da, Vətən sevgisi və hərbçi ruhu onu daim Azərbaycan Ordusuna bağlı saxlayıb. Birinci Qarabağ müharibəsi zamanı ailəsinin yaşadığı ağır itkilər, xüsusilə anasının iki qardaşını şəhid verməsi onda Vətənə xidmət və torpaqların azad olunması uğrunda mübarizə aparmaq əzmini daha da gücləndirib.
2014-cü ildə yenidən hərbi xidmətə qayıtmaq qərarı verən Vüqar Talıbov Füzuli Rayon Hərbi Komissarlığına müraciət edib. O, hərbi kursa cəlb olunaraq hazırlığı uğurla başa vurub. Təlim müddətində hərbi intizamı, silah və texnikaların idarə olunmasını yüksək səviyyədə mənimsəyib, komandirlərin etimadını qazanaraq hərbi sertifikata layiq görülüb.
Vüqar Talıbov 12,7 mm-lik “Teşeka” pulemyotu üzrə manqa komandiri, eyni zamanda kəşfiyyatçı-snayper hazırlığı keçib. Kursu bitirdikdən sonra ön xəttə göndərilərək “Teşeka” pulemyotu manqasının komandiri kimi xidmətini davam etdirib.
Ön xətdə xidmət etdiyi dövrdə onun rəhbərlik etdiyi manqa düşmənin çoxsaylı təxribatlarının qarşısını alıb. Düşmənin atəş nöqtələri, mühəndis-istehkam texnikaları və digər hərbi hədəfləri dəfələrlə dəqiq atəşlə zərərsizləşdirilib. Müşahidə mövqeyinin yüksək ərazidə yerləşməsi sayəsində düşmənin hərəkətlərini vaxtında aşkar edir, əldə olunan məlumatlar əsasında operativ tədbirlər görülürdü.
Vüqar Talıbovun sözlərinə görə, xidmət etdiyi müddətdə düşmənə məxsus pilotsuz uçuş aparatlarından biri də onun rəhbərlik etdiyi heyət tərəfindən vurularaq neytral əraziyə salınıb.
2016-cı ilin Aprel döyüşləri zamanı Vüqar Talıbov Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı istiqamətində yerləşən ön mövqelərdə döyüşüb. Düşmənin gecə saatlarında həyata keçirdiyi diversiya cəhdləri zamanı onun rəhbərlik etdiyi manqa operativ şəkildə döyüşə qoşularaq düşmənin atəş nöqtələrini susdurub və irəliləməsinin qarşısını alıb. Göstərdiyi peşəkarlıq və çevik qərarlar sayəsində döyüş tapşırıqları uğurla yerinə yetirilib.
Hazırda Vüqar Səlim oğlu Talıbov ehtiyatda olan döyüşcüdür,qazidir. O, Azərbaycan Ordusunda keçdiyi şərəfli xidmət yolu, döyüş təcrübəsi və Vətənə bağlılığı ilə gənc nəsil üçün vətənpərvərlik nümunəsi hesab olunur.
Xaliq Pəhlivanoğlu