Azərbaycanın Milli Qəhrəmanı Kamil Balədə oğlu Nəsibov 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olub. Orta təhsilini 1963-cü ildə Laçın rayonunun Minkənd kənd orta məktəbində başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. Üç illik hərbi xidmətini başa vurduqdan sonra Vətənə qayıdan Kamil Nəsibov 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) qəbul olub.
Ali təhsilini başa vurduqdan sonra Laçın rayonunun Minkənd ərazisində yerləşən Tikinti Materialları Bazasına müdir təyin edilən Kamil Nəsibov, peşə fəaliyyəti ilə yanaşı, Vətən qarşısında məsuliyyətini heç vaxt unutmayıb.
Birinci Qarabağ müharibəsinin başlaması ilə Ermənistanın hücumlarına məruz qalan Laçın rayonunun müdafiəsində fəal iştirak edən Kamil Nəsibov 30 nəfərlik özünümüdafiə dəstəsi yaradaraq ona rəhbərlik edib. Onun rəhbərlik etdiyi dəstə dəfələrlə düşmənin Gorus rayonu istiqamətində yerləşən mövqelərinə kəşfiyyat yürüşləri keçirərək mühüm hərbi məlumatlar əldə edib.
Kamil Nəsibov Sadınlar, Çağazur, Malıbəy, Cicimli və Qazıdərə kəndlərinin müdafiəsində xüsusi igidlik göstərib. Laçın rayonunun işğalından sonra isə 811 saylı Laçın alayında taqım komandiri kimi xidmətini davam etdirərək Fərəcan, Səfiyan, Xanalılar və Suarası kəndlərinin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət nümayiş etdirib.
1992-ci il iyunun 29-da “Qonaqgörməz” yüksəkliyi uğrunda gedən ağır döyüşlər Kamil Nəsibovun son döyüşü olub. Strateji əhəmiyyət daşıyan yüksəklik uğrunda döyüş zamanı o, taqımı ilə birlikdə əks-hücuma keçərək düşmənə ciddi zərbələr endirib. Döyüşün qızğın anında düşmən snayperinin açdığı atəş nəticəsində ağır yaralanmasına baxmayaraq, döyüş yoldaşlarının onu təhlükəsiz əraziyə çıxarmaq cəhdinə razılıq verməyib və mövqelərin tərk edilməsinə imkan verməyib. Aldığı ağır yaralar və çoxlu qan itirməsi nəticəsində qəhrəmancasına şəhid olub.
Kamil Nəsibov Ağcabədi rayonunda dəfn edilib. O, ailəli idi və dörd övlad atası olub.
Vətən qarşısındakı misilsiz xidmətləri və göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə Kamil Balədə oğlu Nəsibova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Bu gün doğulduğu Laçın rayonunun Bozlu kəndində yerləşən Mədəniyyət evi onun adını daşıyır. Kamil Nəsibovun keçdiyi şərəfli döyüş yolu və Vətən uğrunda göstərdiyi qəhrəmanlıq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olaraq qalacaq.
Xaliq Pəhlivanoğlu