“Qarabağ Broyler” MMC-nin sahibi, Füzuli Rayon Qarabağ Qaziləri Cəmiyyətinin sədri Nəriman Əliyev Füzuli rayonunun Aybasanlı kəndində anadan olub. O, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı, vətənpərvərliyi və xeyriyyəçilik fəaliyyəti ilə tanınan iş adamıdır.
Nəriman Əliyev bildirib ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin əsgəri kimi Vətən müharibəsində döyüşlərdə iştirak edib. Onun sözlərinə görə, Azərbaycanda həm iş adamı, həm də Ali Baş Komandanın çağırışına qoşularaq silaha sarılan yeganə iş adamıdır.
“Əgər Ali Baş Komandan yenidən əmr versə, bir an belə tərəddüd etmədən silaha sarılar, dövlətimi, xalqımı və torpağımı qorumaq üçün yenidən döyüşə gedərəm”, – deyə Nəriman Əliyev vurğulayıb.
Müəllif olaraq qeyd etmək istəyirəm ki, Nəriman müəllimi uzun illərdir tanıyıram və onun xeyirxah əməllərinin şahidi olmuşam. Şəhid, Milli Qəhrəman ailəsinin üzvü kimi bunu şəxsən yaşamışam. Hələ 2006-cı ildə toy mərasimimin keçirilməsi üçün Nəriman Əliyev heç bir ödəniş tələb etmədən öz restoranını istifadəmə vermiş, bu əlamətdar günümün yüksək səviyyədə təşkilinə böyük dəstək göstərmişdi.
Nəriman Əliyev bu kimi xeyirxah əməllərini heç vaxt ictimailəşdirməyə və ya reklam etməyə çalışmayıb. O, uzun illərdir şəhid ailələrinə, qazilərə və sosial dəstəyə ehtiyacı olan insanlara maddi və mənəvi yardım göstərməyə davam edir.
Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı, xeyriyyəçi iş adamı Nəriman Əliyevin fəaliyyəti haqqında müxtəlif kitablar yazılıb, mətbuatda çoxsaylı məqalələr dərc olunub. Onun vətənpərvərliyi, xeyriyyəçilik fəaliyyəti və cəmiyyətə xidmətləri daim yüksək qiymətləndirilir.
Fürsətdən istifadə edərək, vətənə və xalqa xidmət etməyi həyat amalına çevirən Nəriman Əliyevə təşəkkür edir, ona möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.
Xaliq Pəhlivanoğlu.