Milli azadlıq hərəkatının zirvəsi
Qanlı Yanvar hadisəsi ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir
20 Yanvar faciəsinin tarixi artıq xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilib. Belə ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli qırğın törədilib. Bu faciə müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. Bu, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik arzusunda olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtdı. Lakin istəyinə nail ola bilmədi. Bu faciə Azərbaycan xalqını daha da mübarizləşdirdi.
Hadisədən dərhal sonra, ertəsi gün Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək orda sovet rəhbərliyini şəxsən Mixail Qorbaçovu ittiham etmiş və günahkarların Azərbaycan xalqı qarşısında cavab verəcəyini bildirmişdi. “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”,-deyə Ulu Öndər Heydər Əliyev qeyd edib. Bu hadisəyə siyasi-hüquqi qiymət Heydər Əliyevin təklifinə əsasən Azərbaycanın Milli Məclisi tərəfindən 1994-ci ilin 29 martında qərar qəbul edilib.
33 il əvvəl törədilmiş bu cinayət, əslində insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan yüzlərlə insan xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə qətlə yetirilib. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar da olub. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.
Azərbaycan dövləti əhalinin maddi güzəranının yaxşılaşdırılmasını və sosial müdafiəsinin gücləndirlməsini daima diqqətdə saxlayır. Bu baxımdan 20 Yanvar şəhidlərinin ailələrinə də dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərlir. Yanvarın 13-də Prezident İlham Əliyevin 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” fərmanı bu diqqətin bariz nümunəsidir. Fərmana əsasən, 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 500 mantdan 600 manata qaldırılıb. Bütün bunar dövlətimizin əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində atdığı addımların tərkib hissəsdir.
20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Buna görə də hər il 20 Yanvar faciəsi ilə bağlı xaricdəki soydaşlarımız da sərgi, aksiya və s. təbirlər keçirirlər. Bu faciə ilə bağlı mərasimlərdə Vətənin və xalqın azadlığını hər şeydən uca tutaraq şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman övladların xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Qara Yanvar hadisələri şəhidlərinin ruhuna dualar oxunur, Bakıda baş vermiş qanlı hadisələrdən bəhs edən sənədli filmlər göstərilir. Tədbir iştirakçılarına 20 Yanvar faciəsi ilə bağlı müxtəlif dillərdə hazırlanmış məlumat vərəqələri, kitab paylanır.
Həmçinin soydaşlarımız yaşadıqları ölkələrin rəsmi orqanlarına 20 Yanvar faciəsilə bağlı məlumatlar göndərirlər. Bu müraciətlərdə bir çox diaspor təşkilatlarının sülh, dostluq və mədəniyyət köprülərli və insan hüquqları üçün işlədikləri qeyd olunur. Həmçinin 20 Yanvar 1990-cı il tarixində Bakıda Azərbaycan xalqına qarşı baş vermiş qanlı faciə haqda məlumat verilir. Bununla yanaşı, rəsmi qurumlardan bu qanlı faciənin anılması üçün təşəbbüs göstərmələri xahiş edilir.
Hər il 20 Yanvar faciəsi ilə bağlı xarici mediada da məqalələr dərc olunur. Bu yazılarda 20 Yanvarın acı həqiqətləri qeyd olunur. Azərbaycan xalqına qarşı yürüdülən bu ikili standart siyasəti əcnəbi alimlərin də diqqətini çəkib. Bu haqda həqiqətlər bir çox əcnəbi alimlərin əsərlərində də öz əksini tapıb. 20 Yanvar hadisələrini əcnəbi deputatların, elm adamlarının, eləcə də müxtəlif ölkələrin mətbuatının pisləməsi xalqımıza göstərilən dostluq və qardaşlıq nümunəsi kimi qiymətləndirilməlidir.
İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor