Siyası Online Qəzet

Ermənistanda panika: 4 kənd verilsə, yol bağlanır

Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın anklav olmayan 4 kəndini tələb etməsinə cavab olaraq, “Ermənistanda belə kəndlər yoxdur” sözlərini işlətməsi haqlı olaraq həmin kəndlərin Azərbaycana aid olunması kimi şərh edilir. Xatırlayırsınızsa, bir müddət öncə Ermənistan Baş naziri Azərbaycanın bu tələbinə “Ermənistanın 29,8 min kv.km ərazisinə 8 anklav daxil deyil” demişdi.

 

Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Ermənistan Baş naziri Nikol Paşinyanın ötən gün mətbuat konfransındakı məlum bəyanatından sonra bu ölkədə başlayan qızğın müzakirələr haqda danışarkən deyib.

 

A.Camal bildirib ki, hazırda əsas diqqət bu kəndlərin qayıtmasından sonra Ermənistanın şimal və cənub yollarının taleyi ilə bağlıdır:

 

“Ermənistanın Gürcüstana gedən yolu Azərbaycanın eksklavlarının yanından keçir. Xüsusilə Yuxarı Əskipara bu baxımdan önəmlidir. Həmçinin Rusiyadan gələn qaz xətləri də bizim ərazimizə düşür. Anklavların geri qaytarılacağı halda Ermənistandan Gürcüstana getmək üçün 5 hissədə Azərbaycanın ərazisinə daxil olmaq lazım gələcək.

 

Digər tərəfdən, Kərki kəndi də strateji əhəmiyyətə malikdir. Bu yol da İrana gedən magistralın üzərində yerləşir. Ona görə də Ermənistanda bəzi politoloqlar panik səviyyədə buna reaksiya verməyə başlayıblar. Ancaq bu panik reaksiyaların heç bir əhəmiyyəti yoxdur. Bu kəndlər Azərbaycanındır və mütləq ən qısa müddətdə geri qaytarılmalıdır”.

 

A.Camalın sözlərinə görə, Paşinyan ötən gün sözügedən kəndlərin digər ərazilərlə dəyişdirilməsinə cəhd edildiyi mesajını da verdi:

 

“O bildirdi ki, müzakirələrdə həmin ərazilərin saxlanılması, əvəzində o qədər torpağın başqa yerdən Azərbaycana verilməsi məsələsi qaldırılıb. Ancaq üstüörtülü şəkildə Azərbaycanın buna qəti etiraz etdiyini vurğuladı.

 

Məsələ odur ki, bu kəndlərin əhalisi var, onlar uzun illərdir ki, öz yurd-yuvalarından qovulublar, həmin kəndlərdə mədəniyyət abidələri, insanların doğmalarının qəbirləri var. O kəndləri hansı məntiq və düşüncə ilə dəyişdirilməsi təklif edilə bilər?

 

Bu baxımdan Azərbaycanın qəti mövqeyi ölkəmizin və xalqın, xüsusən də yerli sakinlərin maraqları baxımından çox mühümdür. O ki qaldı Ermənistanın bununla “anklava” çevriləcəyi haqda iddialara, bu, Azərbaycanın problemi deyil. Ermənilər tarixən belə həyasızlıqlarla Azərbaycandan torpaq qoparıblar. Vaxtilə Qərbi Zəngəzurun Ermənistana verilməsinin də kökündə bu ölkənin “anklavlıqdan çıxması” arzusu dayanıb. Ermənistan dalan dövləti olmamaq üçün Azərbaycan torpaqlarını özününküləşdirməyə, işğal siyasəti aparmağa yüz ildir vərdiş edib. Artıq o dövr bitdi və hazırda güclü və qüdrətli Azərbaycan özünün bütün torpaqlarına sahib çıxmaqda qətiyyətlidir”.

 

Aynur Camal xatırladıb ki, hazırda anklav olmayan 4 kəndin geri qaytarılması müzakirəsinin bu qədər aktuallaşmasının səbəbi Prezident İlham Əliyevin iradəsi və gündəmidir:

 

“Cənab Prezidentin 10 yanvar 2024-cü ildə yerli kanallara verdiyi geniş müsahibəsini bir daha xatırlamaq vacibdir. Həmin vaxt da bildirmişdik ki, bu müsahibə əslində ölkəmizin milli strategiyası, yol xəritəsidir. Həmin müsahibədə Prezident İlham Əliyev kəndlərin dəyişdirilməsi ilə bağlı heç bir təklifin qəbul edilməyəcəyini birmənalı və konkret şəkildə ifadə etdi. Bunun ardınca isə əvvəlcə anklav olmayan 4 kəndin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) dərhal qaytarılmalı olduğunu xüsusi vurğuladı, anklav olan digər 4 kəndlə bağlı isə (Naxçıvanın Kərki və Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri) müzakirələrin davam etdirilməsinin və həllinin vacibliyini bildirdi. Məsələ burasındadır ki, o kəndlərin anklav olmasına müəyyən dövrlərdə Ermənistana verilən otlaq sahələri səbəb olub və hazırda “xəritələr məsələsi” də bununla bağlıdır”.

 

Politoloqun sözlərinə görə, bütün dünya, xüsusilə Ermənistan rəhbərliyi yaxşı bilir ki, Prezident İlham Əliyev milli məsələlərdə güzəştsiz mövqe tutur və dediyi sözü havaya atmır:

 

“Prezident İlham Əliyev 4 anklav olmayan kəndi tələb edirsə, demək, mütləq qaytarılmalıdır, əks halda Azərbaycan haqqı olanı bütün vasitələrlə almaqdan çəkinməyəcək. Hazırda Ermənistanda “Azərbaycan Ordusu 4 kəndə girəcək” iddialarının da səbəbi budur. Ona görə Ermənistan rəhbərliyi də siyasi-ictimai manipulyasiyalardan əl çəkməli, işğalı dayandırmalı və Azərbaycan kəndlərini geri qaytarmalıdır. Azərbaycan Ordusunun beynəlxalq səviyyədə tanınan öz torpaqlarına daxil olmasına kimsə mane ola bilməz. Nəzərə alsaq ki, Azərbaycanın işğalda qalan kəndləri də boşdur, onda Ordumuza qarşı “mülki əhali” manipulyasiyası da mümkün deyil”