Siyası Online Qəzet

Yevlaxın İcra Başçısı Anar Tağıyevin Şəhid ailələri ilə görüşə gəlməyə vaxtı olmayıb!

Xəbər verdiyimiz kimi ötən gün Yevlaxda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhərdə yerləşən “Həyat” restoranında təntənəli tədbir keçirilmişdi.

 

Keçirilən Tədbirdə Şəhər İcra Hakimiyyətinin Başçısının birinci müavini Xaliq Əliyev, Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev və rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlar iştirak etmişdilər. Təəssüflə qeyd etmişdik ki, keçirilən tədbirdə Şəhid ailələrinin üzvlərindən iştirak edən olmamışdı, yəni Şəhid ailələrinin üzvü keçirilən tədbirə dəvət edilməmişdi. Hansı ki, bütün rayonlarda keçirilən tədbirlərdə ilk öncə Şəhid ailələrinin xanım üzvləri iştirak etmişdi və ilk olaraq onlar təbrik edilmişdir. Düşünürəm ki, bu belə də olmalı idi. Çünki Şəhid ailələrinin xanım üzvləri hər bir Azərbaycan xanımına nümunədir. Kimlərsə bəhanə etməməlidir ki, guya biz tədbiri məhz 8 mart gününə planlaşdırmışdıq.

Qeyd etməliyəm ki, bütün tədbirlərin planı Şəhid ailələri, qazi və qazi ailələri ilə başlamalıdır. Bu, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün məmurlara tapşırığı və tövsiyyəsidir. Hər kəs yaxşı bilir ki, bu gün hətta toy, nişan və digər el şənlikləri belə Şəhidlərimizin müqəddəs ruhlarının yad edilməsi ilə başlayır. Yəni, bütün rayonlarda olduğu kimi Yevlax rayonunda da 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir Şəhid, Qazi ailələrinin xanımlarının təbriki ilə başlamalı idi. Media, ictimaiyyət nümayəndələri məsələyə müdaxilə edəndən sonra süni görüntü yaratmaq kənardan görsənir. Yenə də gec də olsa Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Anar Tağıyevin iştirakı olmadan keçirilən tədbirə görə təşəkkür edirik. Yəqin ki, hörmətli Anar Tağıyev şəxsi işləri olduğu üçün gələ bilməyib və ya bayram günü olduğu üçün istirahətdədir.

Keçirilən tədbirlə bağlı Yevlax Şəhər İcra Hakimiyyətinin Facebook sosial şəbəkə hesabında paylaşdığı paylaşımı və görüntüləri olduğu kimi Sizlərə təqdim edirik və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Şəhid ailələri başda olmaqla bütün Azərbaycan xanımlarını təbrik edirik:

 

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən 08.03.2024-cü il tarixdə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları ilə görüş keçirilib.

Görüşdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Şəhər İcra Hakimiyyət Başçısı aparatının məsul əməkdaşları, şəhid anaları və şəhidlərin ailə üzvləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi.

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev çıxış edərək şəhid analarını, şəhidlərin həyat yoldaşlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək qeyd edib ki, şəhidlərimiz kimi, onların anaları, xanımları, övladları da bizim üçün çox qiymətlidir. Şəhid analarını martın 8-i günündə təbrik etməyi, həmişə olduğu kimi bu ildə xüsusi gündə onların yanında olmağı özümüzə borc bildik. Həmçinin vurğulayıb ki, qəhrəman analarımızın yetişdirdiyi qəhrəmanlarımız Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad etdilər. Belə igidlər böyüdən, tərbiyə edən anaların qarşısında baş əyirik.Xaliq Əliyev qeyd etdi ki,Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva tərəfindən canlarını azadlığımız, ərazi bütövlüyümüz uğrunda fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlıqlarını itirmiş qazilərimizə daim diqqət və qayğı göstərilir. Bu kateqoriyadan olan ailələrin sosial-məişət və digər məsələlərinin həll edilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir.

Şəhid anaları, şəhidlərin ailə üzvləri çıxış edərək hər zaman diqqət və yüksək qayğı ilə əhatələndikləri üçün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.


Tədbirdə məktəblilərin və Şəhər Yaradıcılıq Evinin kollektivinin ifasında anaya, vətənə, Şəhidlərimizin qəhrəmanlıqlarına həsr edilmiş şeirlər və musiqilər səsləndirilmişdir.

Yazıçı, AYB və AJB-nin üzvü, YYSİB Şəhid Ailələri və Qazilərlə İş Departamentinin Sədri, hərbi ekspert Natiq Əlisoy

Dialoq.az