Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın Şəhadət Günü

Bu gün Şəhid Milli Qəhrəman Yavər Yaqub oğlu Əliyevin şəhadətindən daha bir il ötür.

 

Yavər Yaqub oğlu Əliyev 27 iyun 1956-cı ildə Bakı şəhərində neftçi ailəsində anadan olmuşdur. Orta təhsilini  235 saylı orta məktəbdə aldıqdan sonra Kremençuq Aviasiya Məktəbinə daxil olur.

 

Yavər Zabrat hava limanında işə düzəldiyi ilk gündən bacarığı və peşəkarlığı ilə diqqəti cəlb edir. O, tükənməz səyi və zəhməti sayəsində müxtəlif tipli vertolyotların idarə olunmasını dərindən öyrənir. İdarənin rəhbərliyi onu əvvəl Mİ-4, Mİ-2 vertolyotlarına pilot, sonra Mİ-8 vertolyotuna ikinci pilot və daha sonra komandir təyin edir.
Yavər Əliyev 1992-ci il yanvarın 28-də dəhşətli bir xəbər alır. Yoldaşlarının idarə etdiyi Mİ-8 vertolyotu düşmən tərəfındən vurulmuşdu. Azərbaycanın cəsur oğulları Viktor Seryogin, Ərəstun Mahmudov, Səfa Axundov həlak olmuşdular. İgid şahin Şuşaya gələrək, düşmən atəşi altında onların cəsədlərini götürə bilmişdi.
O, Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaranmasında da böyük işlər görmüşdü. 1992-ci il fevralın 14-də MDB hərbi hissələrindən Azərbaycana bir neçə Mİ-24 hərbi vertolyotunun göndərilməsində onun böyük xidməti olmuşdu.
Yavər Əliyev bir neçə dəfə Qarabağa uçuşlar etmişdi. Aşağı yüksəklikdə uçaraq düşmən mövqelərinə ağır zərbələr endirir və beləliklə də, düşmən  çoxlu itkilər verirdi. 1992-ci il fevralın 29-u Yavərin sonuncu uçuşu oldu və Yavər qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Ailəli idi. İki övladı atasının peşə yolunu davam etdirir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən   Yavər Yaqub oğlu Əliyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Oxuduğu 235 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

 

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ