Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın Mövlud Günü

Bu gün Şəhid Milli Qəhrəman Ərəstun İspəndi oğlu Mahmudovun mövludundan daha bir il ötür.

 

Ərəstun Mahmudov 23 fevral 1957-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində doğulmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür.

Ərəstun orta təhsilini Bakı şəhəri  220 saylı orta məktəbdə aldıqdan sonra  Leninqradda Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra isə Azərbaycan Hava Yollarının Zabrat Aviasiya Şirkətində texnik-mexanik kimi  fəaliyyətinə başlamışdır.

O, idmanın ağır atletika növü ilə məşğul olurdu. Azərbaycanda, keçmiş SSRİ məkanında və eləcə də bir sıra xarici ölkələrdə keçirilən mötəbər yarışların iştirakçısı olmuş, müxtəlif mükafatlara layiq görülmüşdür.

Bir çox ixtisasartırma kursları keçən Ərəstun  heyəti ilə dəfələrlə döyüş bölgələrinə ezam edilmiş, dinc əhalinin köçürülməsində, döyüş bölgələrinə ərzaq  çatdırılmasında yaxından iştirak etmişdir.

Cəbhə bölgələrinə son uçuşu 28 yanvar 1992-ci ildə olur. Ağdam və Şuşa marşrutu üzrə yerli əhalini daşıyarkən vertolyotu düşmən rəketinə tuş gəldi. Beləliklə, bütün heyətlə birlikdə Ərəstun Mahmudov da qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.

Qəhrəmanımız Bakı şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn edilmişdir.

Ailəli idi. Üç övladı yadigar qaldı.

Azərbaycan Respublikası Prezidenti tərəfindən  Ərəstun İspəndi oğlu Mahmudova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Oxuduğu 220 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ