Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın mövlud günü

Bu gün Şəhid Milli Qəhrəman Riad Əhmədovun mövludundan daha bir il ötür.

 

Riad Əhmədov Fikrət oğlu 1956-cı il dekabrın 20-də Bakı şəhərində anadan olub.
O, 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə yüksəlmişdir. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.

Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşür. Uzun illər yeri müəyyən olunmamışdı. 18 sentyabr 2023-cü ildə Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda Riad Əhmədov və digər itkin azərbaycanlıların nəşlərinin tapıldığını və müəyyən edildiyi açıqlanmışdır.

30 sentyabr 2023-cü ildə Riyad Əhmədovla Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində vida mərasimi təşkil olunmuşdur. Daha sonra İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidenti tərəfindən Polkovnik-leytenant Riad Fikrət oğlu Əhmədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb onun adını daşıyır.

Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Riad Əhmədovun ailə üzvləri və yaxınları ilə birgə məzarını ziyarət etdi, qəhrəmanımızın ruhuna dualar oxudu.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ