Siyası Online Qəzet

Şair-publisist Nəsibə İsrafilqızi “Vətən aşiqləri” kitabını kitabxanaya hədiyyə etdi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Kitabxanaya kitab hədiyyə edirik” və “Yaradıcı oxucularımız” lahiyələri uğurla davam edir. Kitabxananın Fəxri oxucusu, şair-publisist, “Vedibasar” qəzetinin redaktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin ideoloji məsələlər üzrə müşaviri, “Tərəqqi” medalı mükafatçısı Nəsibə İsrafilqızı yeni nəşr olunmuş “Vətən aşiqləri” kitabını kitabxanaya hədiyyə etdi.
Kitab Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində nəşr olunub.
Kitabda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Xilaskarım” şeiri, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr edilmiş şeirlər var.
Bundan başqa, 44 günlük müharibədəki Zəfərimizə, müharibədə iştirak edən qəhrəman oğullara, şəhidlərə, qazilərə, şəhid analarına ithaf olunmuş şeirləri də oxumaq olar.
Şairin Ulu Yaradana, Vətənə, Qarabağa, Şuşaya, Təbrizə, Araza aid etdiyi şeirləri maraq doğurur.
Kitabda şairin “Tərəqqi” medalına layiq görülməsi münasibəti ilə tanınmış qələm sahiblərinin, ictimai xadimlərin təbrikləri, ürək sözləri, habelə Nəsibə İsrafilqızına həsr olunmuş şeirlər də kitabda yer alıb.