Siyası Online Qəzet

Pyatiqorsk şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Mayın 7-də Rusiyanın Stavropol vilayətinin Pyatiqorsk şəhərində Heydər Əliyevin 100 illik yubileyi keçirilib. Tədbir Pyatiqorskdə fəaliyyət göstərən “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təşəbbüsü ilə Kislavodsk şəhərindəki Azərbaycan icması birlikdə təşkil edilib. “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalovun saytımıza verdiyi məlumata görə tədbir Kirov sanatoriyasında Heydər Əliyevin memarial lövhəsinin qarşısına gül qoyma mərasimi ilə başlayıb. Bu mərasimdə qonaqlardan Milli Məclisin deputatı Aydın Mirzəzadə və Diasporla İş üzrə Dövlət Komitəsinin birinci ərazi şöbəsinin müdir müavini Əli Baytalov da iştirak ediblər. Eyni zamanda Mahaçqalada Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Raqif Əzizov, Qaraçay Çərkəz respublıkasından Hakverdi Mamedov, Kislavodsk şəhərindən sədr Asif Musayev, Georgevsk şəhəri sədri Elmuraz Əliyev, Mineralnıye Vodı şəhəri sədri Eldar Babayev, Jeleznavodsk şəhəri sədri Qurban Əsədov və digər soydaşlarımız da iştirak ediblər.

Tədbirin ikinci hissəsi şəhərin Mərkəzi kitabxanasında davam edib. Tədbiri “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov iştirakçıları salamlamaqla başlayıb. Çıxış üçün söz Pyatiqorsk Şəhər Dumasının başçısı Lyudmila Poxilkoya verilib. O, öncə iştirakçıları 9 may – Qələbə Günü münasibəti ilə təbrik edib. Sonra Heydər Əliyevhaqqında öz xatirələrini bölüşüb. Ən sonda cəmiyyətimizin xeyriyyəçi aktivlərinə “Təşəkürnamə məktubu” təqdim edib.

Sonra söz şəhər başçısının müavini Aleksandr Boradaevə verilib. O, öz növbəsində Pyatiqorsk şəhərinin cəmiyyətinin işlərindən danışıb. Eyni zamanda Heydər Əliyev haqqında öz düşüncələrini paylaşıb.

Daha sonra Stavropol diyarının müftisi hacı Mühəmməd Rahimov Heydər Əliyev haqqında dolğun çıxış edib. Qeyd edib ki, Heydər Əliyev dünya siyasətçisidir. Diasporla İş üzrə Dövlət Komitəsinin birinci ərazi şöbəsinin müdir müavini Əli Baytalov tədbir iştirakçılarını salamlayaraq təşkilatçılığa görə təşəkkürünü bildirib.

Çıxış edənlərdən Asif Musayev, Cavanşir İsmayılov və Mübariz Osmanov da Heydər Əliyevin həyat yolundan danışıblar. Nəhayət, Mahaçqalada Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Raqif Əzizov Heydər Əliyev haqında və Rusiya-Azərbaycan əlaqələrindən danışıb. O, “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin aktivlərini medallarla təltif edib.

Yubiley tədbiri konsert proqramı ilə davam edib.