Siyası Online Qəzet

Azəbaycanla Qazaxıstanın ikitərəfli siyasi dialoqu

Prezident İlham Əliyev: “Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir”

Azəbaycan kimi Qazaxıstan Respublikası da dövlət müstəqilliyi baxımıdan eyni taleyi yaşayıb. Bildiyimiz kimi, 2021-ci ildə hər iki respublikada dövlət müstəqiliyinin 30 illiyi böyük coşqu və təntənə ilə qeyd edildi. Azərbaycan və Qazaxıstanı postsovet ölkələri olmaları da bir-birinə tarixi olaraq bağlayır. Müasir dövürdə də Azərbaycan-Qazaxıstan münasibətləri çoxşaxəli olaraq inkişaf etməkdədir. Bu münasibətlərin təməli hələ Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət verirlər. Prezident İlham Əliyevin aprelin 10-da Qazaxıstan Respublikasına dövlət səfəri zamanı keçirilən görüşlər, aparılan müzakirələr iki dövlət arasında münasibətlərin daha da güclənməsinə çox böyük perspektiv imkanlar yaradıb. Səfər zamanı Astanada Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə məhdud və geniş tərkibdə görüşləri olub. Görüş əsnasında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsində 40 faiz artımın olması müsbət addım kimi qeyd edilib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması üçün imkanların olduğu vurğulanıb. Eyni zamanda, görüşdə Qazaxıstan neftinin Azərbaycan ərazisindən ixracı, nəqliyyat-logistika imkanlarının daha da artırılması, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, həmçinin birgə investisiya layihələri məsələləri müzakirə olunub, Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin çəkilməsi istiqamətində də sürətli inkişafın olduğu qeyd edilib. Həmçinin dövlətlərimizin ikitərəfli siyasi dialoqunun yüksək səviyyədə olduğu, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi vurğulanıb. Söhbət zamanı regional məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Görüşlər başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub. Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatını imzalayıblar. Bundan başqa informasiya mübadiləsi, elmi və mədəni, diaspor, idman sahələrində anlaşma və əməkdaşlıq haqqında memorandumlar imzalanıb.

Səndlərin imzalanması mərasimidən sonra isə Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında deyib ki, Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. “Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir”, – deyə dövlətimizin başçısı əlavə edib.

Prezident İlham Əliyevin Astana səfəri çərçivəsində Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi olub. Cənab Prezident mərasimdə çıxış edərək hər bir azərbaycanlı üçün Ulu Öndər Heydər Əliyevin adının çox əziz olduğunu bildirb: “Ulu Öndər müasir müstəqil Azərbaycanın ən çətin dövründə xalq tərəfindən dəvət edildi və ən ağır dövrdə ölkəyə rəhbərlik etdi. Heydər Əliyev haqqında danışarkən onun Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrü də xatırlamamaq olmaz, bu dövr də quruculuq, inkişaf dövrü idi. Ötən əsrin 60-cı illərinin sonundan 80-ci illərin əvvəlinə qədər Azərbaycan onun rəhbərliyi ilə sosial-iqtisadi inkişafa görə SSRİ miqyasında qabaqcıl mövqelərə çıxmışdır. Sonra Moskvada Sov.İKP MK-nın Siyasi Bürosunun – sovet dövlətinin ali məşvərət orqanının üzvü qismində və hökumətin sədrinin birinci müavini vəzifəsində işlədiyi dövr olub. O vaxt Heydər Əliyev keçmiş SSRİ-nin xalq təsərrüfatının bir sıra ən mühüm sahələrinə rəhbərlik edirdi”.

Göründüyü kimi, Ulu Öndərin təkcə Azərbaycanda deyil, Qazaxıstanda da xatirəsi əziz tutulur. Ulu Öndər Heydər Əliyevin Qazaxıstana səfərini və oradakı çıxışlarını nəinki soydaşlarımız, qazax xalqı belə, xatırlayır. Qazax xalqının Heydər Əliyevə xüsusi hörməti var. Onlar oradakı azərbaycanlılara çox zaman belə deyirlər: “Siz xoşbəxtsiz ki, Heydər Əliyev kimi ümummilli lideriniz var”. Əlbəttə ki, azərbaycanlılar da bununla fəxr edirlər. Bu gün Qazaxıstanda böyüyən azərbaycanlı uşaqlar Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözlərini özlərinə şüar ediblər.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent