Siyası Online Qəzet

Laçınlılar doğma diyara, əzəli torpaqlarına qayıdacaqlar

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun düşmən tapdağı altında qalan torpaqlarımızı azad etməsi nəticəsində Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. Ermənistan tərəfindən işğal altında saxlanılmış bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan olunub. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıqlar Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələr həyata keçirilib və bu davamlıdır. İşğaldan azad olunan ərazilərimiz  kimi Laçın rayonu da bu gün yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbulu zamanı çıxışında söylədiyi fikirlər, verdiyi mesajlar bu ərazidə görülən və görüləcək işləri ortaya qoyur. Qeyd edək ki, Cənab Prezident çıxışında ərazinin işğal tarixinə nəzər salaraq bunun “ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi”, – deyə bildirib. Bunun AXC-Müsavat cütlüyünün növbəti çirkin xəyanəti olduğunu bildirən Cənab Prezident qeyd edib ki, cütlük hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi.

44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad etdi və tarixi ədalət bərpa olundu, Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. Bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və xalq-iqtidar birliyi bu qələbənin qazanılmasında əsas amillərdəndir. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Həmin sənəd əsasında Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarıldı. 30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları Ermənistanın işğalı altında idi.  “Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir”, – deyən Cənab Prezident qeyd edib ki, Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri, demək olar ki, başa çatmaq üzrədir. Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıbdır. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı tədbirlər görülür. Bütün bunlar buraya qayıdacaq laçınlıların rahat şəraitdə yaşamasının təminatıdır.

Azərbaycanın ən böyük rayonlarından biri olan Laçında işğala qədər təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. Hazırda Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Artıq işğaldan azad olunan Laçın şəhərinin iki ildən artıqdır ki, yenidən qurulması prosesinə başlanılıb. Burada Beynəlxalq Hava Limanı, Qubadlı-Laçın yolu inşa edilir. Yəni, müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilmişdir, deyən dövlət başçımız amma Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edildiyini diqqətə çəkib. Cənab Prezident Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırıb ki,  birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Bütün bu işlər bu ilin sonuna qədər başa çatdırılmalıdır. Bunun birinci mərhələ olacağını qeyd edən Azərbaycan Prezident İlham Əliyev “Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar,” – deyə bildirib.

Bildiyimiz kimi, artıq Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə də start verilib. Bu ərazilərə Zabux kəndinə 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Güləbird və Qorçu kəndlərinin Baş planı isə Prezident tərəfindən təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulub. Bütün bu və ya digər görülən işlərlə yanaşı, Laçın şəhərinin infrastrukturu, elektrik enerjisi xətləri, yollar və s. yenidən qurulur.

Hərb meydanında sözünü deyən Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Bildiyimiz kimi, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, insan kapitalının davamlı inkişafını təmin edir.

 

Aybəniz Əliyeva, Binəqədi RİH yanında İctimai Şuranın üzvü