Küveytdə Novruz Festivalı keçirilib
Küveyt Diplomatik Qadınlar Komitəsinin təşəbbüsü, Küveyt Dövlətindəki diplomatik korpusun rəhbərliyinin təşkilatçılığı və bu ölkədə akkreditə olunmuş 10 diplomatik nümayəndəliyin iştirakı ilə Novruz Bayramı münasibətilə “Youm əl-Bahhar” parkında bahar festivalı keçirilib. Tədbirdə ölkələrin tarixini, mədəni irsini, musiqisini, milli mətbəxini və turizm potensialını əks etdirən geniş sərgi təşkil olunub.
Sözügedən tədbirdə Azərbaycanın Küveyt Dövlətindəki səfirliyi də təmsil olunub. Səfirlik Küveytdə fəaliyyət göstərən “Vətənsevər Dostluq Çəmiyyəti” ilə birgə Azərbaycan üçün ayrılmış pavilyonda ölkəmizin tarixini, mədəniyyətini, Novruz bayramı adət-ənənələrini, mətbəxini, milli geyimlərini, xalçalarını və turizm potensialını əks etdirən sərgi təşkil olunub.
Səfirlikdən AZƏRTAC–a bildiriblər ki, festival çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar xüsusi guşə hazırlanıb. İştirakçılara Şuşanın tarixi, coğrafiyası və mədəniyyəti, habelə Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri və orada keçirilən mədəni tədbirlər haqqında məlumat verilib.
Bununla yanaşı, Səfirliyin dəstəyi ilə ərəb dilində nəşr olunmuş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” adlı kitab, Şuşa şəhəri ilə bağlı “İrs” jurnalının xüsusi buraxılışı, Şuşa şəhərində təşkil olunmuş “Xarı Bülbül Festivalı”na həsr olunmuş tədbirlərə aid digər təbliğat materialları iştirakçılara təqdim olunub. Eyni zamanda, festivalda ölkəmizin tarixi və müasir mədəniyyət abidələrini, gəzməli və görməli yerlərini, tarixi məkanlarını və milli-mənəvi dəyərlərini əks etdirən broşürlər, habelə milli geyim və mətbəx nümunələrimiz nümayiş olunub. Səfirlik üzərində Yuxarı Gövhər Ağa məscidinin şəkli əks olunmuş kiçik xalçaları təşkilatçılara hədiyyə olaraq təqdim edib.
Tədbirdə xalqımıza məxsus milli kişi və qadın geyimlərində olan icma üzvlərimiz ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıblar. Eyni zamanda, sərgiyə gələnlərə Azərbaycan mətbəxinə aid yeməklər, Novruz şirniyyatları (şəkərbura, paxlava və.s) təqdim olunub.
Bununla yanaşı, “Made in Azerbaijan” brendinin Küveytdə təbliği məqsədilə “Azərsun Holdinq”-in “Bizim Tarla” brendinin məhsullarının – mürəbbə, kompot, turşu və “Azərşəkər”-in qənd məhsulu, həmçinin “Saville” markalı nar şirəsi və “Azərçay” çeşidlərinin yarmarkası təşkil edilib.
Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Küveytdəki təmsilçiliyi festival iştirakçılarına Bakı-Küveyt-Bakı istiqaməti üzrə uçuş cədvəli və xidmətlər barədə ətraflı məlumat verib.
Tədbir çərçivəsində səfir Emil Kərimov yerli kütləvi informasiya vasitələrinə Novruz adət-ənənələri, milli geyimlərimiz, mətbəximiz və ölkəmizin turizm potensialı barədə müsahiblər verib.