Siyası Online Qəzet

Tarixi köklərə bağlanan üçtərəfli əməkdaşlıq

Azərbaycan-Türkiyə-Türkmənistanın strateji maraqları da üst-üstə düşür

Hazırda Azərbaycanın həm siyasi, həm də iqtisadi, mədəni, hərbi – bütün sahələrdə türk dövlətləri ilə ən yüksək səviyyədə iş birliyi, anlaşması var. Dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədlərinin imzalanması bu iş birliynin davamıdır. Qeyd edək ki, əvvəlcə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edilib. Bu sənədlər üçtərəfli əlaqələrin daha da möhkəmlənməsi və inkişaf etməsi üçün möhkəm zəmin yaradacaq. Bütün bunlar Azərbaycan- Türkiyə-Türkmənistanın qardaş olaraq çoxşaxəli münasibətlər qurduğunu nümayiş etdirir. Prezident İlham Əliyev Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə çıxşında etibarlı əməkdaşlığın obyektiv əsaslarını xüsusi vurğulayıb: “Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır”. Bu, bir daha göstərir ki, Azərbaycanın Türkiyə və Türkmənistanla münasibətləri sağlam zəmində və tarixi köklərə bağlanır. Bu münasibətlərin bundan sonra da sağlam zəmində inkişaf edəcəyinə heç bir şübhə ola bilməz.

İstənilən məsələdə bu münasibətlər qardaşlıq prinsipinə söykənir. Məsələn, Türkiyənin enerji asılılığının aradan qaldırılmasında və Avropanın enerji asılılğının aradan qaldrılmasında Türkiyənin rolunu artırmaqda Azərbaycan böyük rol oyanıb. Bunlar göz önündədir. Qarşılıqlı dəstək məsələsinə cənab Prezident də Üçtərəfli Zirvə Görüşündə toxununb: “Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir”.

Dünyada mövcud geosiyasi vəziyyət Azərbaycanın resurslarına tələbatı kəskin artırıb. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Azərbaycanın nəqliyyat sahəsində də əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Prezindet İlham Əliyev bu haqda da daşıraq bildirib ki,  Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır”. Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa və Asiya üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur.

Bu gün dövlət səviyyəsində Azərbaycanın Türkiyə və Türkmənistanla əməkdaşlığı, imzalanan sənədlər maraqların ayrı-ayrı deyil, ortaq mövqedən yanaşılaraq təmin edilməsi üçün mühüm addımdır. Bu baxımdan 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşünün mühüm əhəmiyyəti var. Prezident İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşündə bu toplantının regional əməkdaşlığa, nəqliyyat, logistika, ticarət sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Eyni zamanda, bu görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirib. Hazırkı dövrdə üçtərəfli əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını deyən Sərdar Berdiməhəmmədov Türkmənistan tərəfinin bu Zirvə Görüşünə böyük önəm verdiyini vurğulayıb.

Üçtərəfli əlaqələr nə qədər güclü olsa, nə qədər möhkəm birlik olsa, maraqlar da bir o qədər təmin ediləcək. Çünki Azərbaycan-Türkiyə-Türkmənistanın strateji maraqları da üst-üstə düşür. Hər üç dövlət istəyir ki, xalqlarımız rifah içində yaşasın, ölkələrimizdə və bölgədə sülh, əmin-amanlıq bərqərar olunsun. Buna görə də mənbəyini ortaq keçmiş din və dil birliyindən alan üç dövlətin və xalqın dərin əlaqələri günlər keçdikcə güclənəcək. Bu da Azərbaycan-Türkiyə-Türkmənistanın beynəlxalq aləmdə daha güclü, regional inkişafda daha çox söz sahibi olmasına gətirib çıxaracaq.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent