Siyası Online Qəzet

“Buta”nın idmançıları “Caspian Open” beynəlxalq karate turnirində uğurlu çıxış ediblər

Azərbaycan Karate Təşkilatının (AKT) “Caspian Open” beynəlxalq karate turniri keçirilib.
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəstəyi ilə Bakı İdman Sarayında təşkil edilən növbəti yarışda 4 ölkədən 1000-dən artıq idmançı iştirak edib.
AMKF-nin mətbuat xidmətindən KİV-ə verilən məlumata görə, yarışın açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Turnirin təşkilatçılarından Azərbaycan Vado-Ryu Karate-Do Federasiyasının prezidenti Vilayət Əmirov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AMKF-in baş katibi Camal Murtuzəliyev, eləcə də digər fəxri qonaqlar çıxışlarında döyüş sənəti olan karate idman növünün ölkəmizdə inkişafından danışıblar və idmançılara uğurlar arzulayıblar. Qonaqlara fəxri diplomlar təqdim edildikdən sonra, mərasim bədii hissə və nümunəvi çıxışlarla davam edib.
Yarışın yekun nəticəsinə görə, Sumqayıtdakı Buta Gənclər Klubunun idmançıları 13 qızıl, 17 gümüş, 9 bürüc medal qazanıblar. “Buta”nın idmançılarını müəllimləri Pərviz Quliyev və Elnur Əliyev müşaiyət ediblər. Yeri gəlmişkən, klubun yetirmələrindən olan Nuray İbadova yarışda II yerə çıxıb.
Qaliblərə diplom və medallar təqdim edilib.