Siyası Online Qəzet

“Optik olmayan eynəklər göz üçün ziyanlıdır”

 

 

Aynurə Hüseynova: “Gözün sağlamlığının qorunması üçün ilk növbədə profilaktik tədbirlərin görülməsi və düzgün diaqnoz qoymaqla, gözün əhəmiyyətli müalicə işləri aparılmalıdır”

Azərbaycan Tibb Universitetinin
Əczaçılığın texnologiyası və İdarəçiliyi kafedrasının asissenti,
əczaçılıq üzrə fəlsəfə doktoru, optik eynəklər üzrə tədqiqatçı alim
Aynurə Hüseynovanın saytımıza müsahibəsini təqdim edirik

 

Məlumdur ki, insan orqanizmində ən vacib orqanlardan biri də insanın görmə orqanıdır. Gözün bir çox problemlərində, həmçinin görmənin yaxşılaşdırılmasında əsasən eynəklərdən istifadə olunur. Sizcə eynəklərdən düzgün istifadə qaydaları necə olmalıdır?
– Öncə onu qeyd edim ki, insanlar görmə qabiliyyətini yaxşılaşdırmaq üçün eynəklərdən istifadə etməzdən əvvəl bir məqama xüsusi fikir verməlidir. Bu, insanın görmə orqanı olan gözün sağlamlığının qorunması üçün ilk növbədə profilaktik tədbirlərin görülməsi və düzgün diaqnoz qoymaqla, gözün əhəmiyyətli müalicə işlərinin aparılmasıdır. Bəzən bütün bu proseslərin aparılmasını təmin etmək və yararlılığını artırmaq üçün optik vasitələrdən istifadə edilir. Məhz bu vasitələr görmə orqanının müalicə və mühafizəsində mühüm rol oynayır. Gözün bir çox problemlərində, həmçinin görmənin yaxşılaşdırılmasında əsasən eynəklərdən istifadə olunur. Lakin onu qeyd etməliyəm ki, eynəklərin hamısı yalnız müalicə və yaxşı görmə məqsədilə yox, həmçinin müxtəlif təyinatlar – optik eynəkləri, günəş eynəkləri, üzgüçülər üçün eynəklər, sürücü eynəkləri, qoruyucu eynəklər, “xameleonlar”, şaxtaçılar üçün eynəklər, 3 ölçülü film eynəyi, kosmetik eynəklər və s. üzrə istifadə edilir. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. Növlərindən və istifadə təyinatlarından asılı olmayaraq, eynəklərin istifadəsində bir sıra tələblər var ki, onlara mütləq əməl edilməlidir. Belə ki, çərçivədən və linzalardan ibarət olan eynəklər istifadə edilərkən ağrı verməməlidir, üzün dərisi ilə təmasda olarkən ağırlıq və təzyiq olmamalıdır, müasir modaya və estetik normalara cavab verməlidir, rahat təmizlənən, yüngül və keyfiyyətli materialdan olmalıdır.

-Eynəklər adətən hansı materiallardan hazırlanır?
– Eynəklərin və onun hissələrinin hazırlanmasında istifadə оlunan materiallar – metal materiallar, berillium, polad, titan və onun əsasında olan ərintilər, maqnezium, sintetik materiallar, plastmaslar, asetat-sellilioza, nalyon kimi materiallardan hazırlanır.

-Məlumdur ki, sadaladığınız eynəklər arasında görmə qabiliyyətini yaxşılaşdırmaq üçün ən çox təlabat linzalara və optik eynəklərədir. Sizcə bunlardan hansı istifadə üçün daha əlverişlidir?
– Hazırda görmə üçün kontakt linzalar mövcud olsa da, eynəyin avantajları daha çox, əziyyəti isə (linzaya baxım lazımdır) daha az olduğundan hələ də geniş tələbata malikdir. Eynəklər həmçinin sadə və mürəkkəb olmaqla, gözün bir çox patologiyalarında – düzgüngörmənin korreksiyasında, göz büllurunun zədələnməsində, gözün əzələ aparatının çatışmazlığında və zəifgörmədə hələ də əlverişli vasitə kimi geniş istifadə edilməkdədir.

-Optik eynəklərin istifadə qaydalarında xüsusi istisna göstərişlər hansılardır?
– Əlbətdə, bu eynəklərin istifadəsində bəzi vacib qaydalara riayət edilməlidir. Belə ki, eynəyi iki əlli qulaqcıqlarından tutaraq, taxıb-çıxarmaq məsləhətdir. Eynək ilə dənizə və hovuza girilməməlidir. Eynəyin hər hansı bir hissəsi yararsız vəziyyətə düşərsə (qulaqcıqlar və burun yastıqcıqları əyilərsə və ya sınarsa), mütləq eynək ustasına müraciət edilməlidir. Eynəyi istifadə etmədikdə o, mütləq öz xüsusi qabında saxlanılmalıdır. Eynəyin hər hansı bir hissəsi mexaniki (əymə, qızdırma, düyünləmə və s.) və ya kimyəvi ( turşu, qələvi, spirt və s.) təsirlərə məruz qoyulmamalıdır. Eynəyi avtomobil salonunda günəş şüalarının və radiator istisinin təsiri altında saxlamaq olmaz.

-Eynəklərin zərərli təsirləri haqqında nə deyə bilərsiniz?
– Optik olmayan eynəklər göz üçün ziyanlıdır. Bu, həm də sadə şüşədən olan eynəklərə aiddir. Optik eynək seçməzdən əvvəl, ilk növbədə həkimlə məsləhətləşmək lazımdır. Əks təqdirdə özbaşına seçdiyiniz eynək gözlərinizə əks-təsir göstərə bilər, daha doğrusu, gözün görmə qabiliyyətinə mənfi təsir göstərən, müxtəlif problemlər meydana çıxa bilər. Eynəyin çərçivələri və şüşələri həkim tərəfindən tövsiyə olunan reseptə uyğun seçilməlidir. Ağır, üz ölçüsünə görə seçilməyən, keyfiyyətsiz, həmçinin istifadəyə yararsız şüşələr problemə səbəb ola bilər. Elə optik şüşələr olmalıdır ki, bu şüşələr göz sağlam olsa belə, gözə mənfi təsir göstərməsin. Onu da qeyd edim ki, biz Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakultəsində təhsil alan tələbələrimizə digər parafarmasevtik vasitələr kimi, eynək və linzalar haqqında da tədrisdə xüsusi dərslər keçirik. Ona görə də birmənalı olaraq qeyd etmək sitəyirəm ki, optik eynəkləri insanlara həkimlər təyinatı ilə, apteklərin optika şöbələrində yalnız ixtisaslı əczaçılar realizə etməlidir.