Azərbaycan-Qırğızıstan dövlətlərarası münasibətlərinin inkişaf perspektivləri
Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması strateji tərəfdaşlığın fəallaşdırılması və genişləndirilməsinə xidmət edir
Azərbaycan və Qırğızıstan dil, din, tarix və adət-ənənə baxımından bir-birlərinə yaxın dövlətlərdir. Hazırda hər iki respublika İƏT, İKT, BMT çərçivəsində əməkdaşlıq edirlər. 29 oktyabr 2004-cü ildə Qırğızıstan BMT Baş Məclisinin 59-cu sessiyasının 46-cı plenar iclasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndin Baş Məclisin cari gündəliyinə salınmasına dair qərar Qırğızıstan tərəfindən dəstəklənib. Qırğızıstan Qarabağ münaqişəsi ilə bağlı daima Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Bu dövlət münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərməyə çalışıb. Təsadüfi deyil ki, 1994-cü ilin may ayında MDB-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə Bişkek şəhərində imzalanıb.
Bu gün Azərbaycanla Qırğızıstan arasından münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Xatırladaq ki, bu ilin aprel ayında Qırğız Respublikasının prezidenti Sadır Japarov ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində Bakıda Prezident İlham Əliyevin və prezident Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Görüş zamanı Azərbaycan və Qırğızıstan arasında “Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum”, “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və digər sənədlər imzalanıb. Bu sənədlərin izalanmasından sonra münasibətlər daha da sıxlaşıb. Bunu oktyabrın 11-də Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatdan da görmək olur. Cənab Prezident qeyd edib ki, yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb: “Yarım il bundan əvvəl müəyyən edilənlərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər ətraflı müzakirə olunub”.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun da mətbuata bəyanatında bu fikirlər üstünlük təşkil edib. Bu o deməkdir ki, iki dövlət və prezident arasında qarşılıqlı anlaşma və dostluq münasibətləri mühüm rol oynayır. Artıq strateji tərəfdaşlıq ruhunda iki dövlət arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq qurulub. Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında çıxışında bu məsələlərə də toxunub. “Biz münasibətlərimizi Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırırıq ki, qərarların qəbul edilməsinə, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və daha çox dinamizmə malik olaq. Artıq hökumətlərarası komissiyanın iclası Bakıda təşkil olunub və gələn il Bişkekdə keçiriləcək. Dövlətlərarası Şura, hökumətlərarası komissiya – bunlar o mexanizmlərdir ki, bizə həmişə əlimizi nəbzimizdə tutmaq və hədəflərə nail olmaq üçün nə etmək lazım olduğunu görmək imkanı verəcək”, -deyə cənab Prezident çıxşında vurğulayıb.
İki dövlət arasında nəqliyyat-logistika, İKT, təhsil, turizm və idman sahələrində də perspektivdə bir sıra işlərin görülməsinə ehtiyac var. Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması bu istiqamətdə fəaliyyətlərin strateji xarakterini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin çıxşında vurğuladığı kimi, bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb: “İndiki mərhələdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyi xüsusilə vurğulanmalıdır. Artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək. Xəzərin bizim tərəfində tam olaraq Avropa istehlakçılarına qədər – həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturu var. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Ələt ticarət limanının potensialı 15 milyon tondan 25 milyon tona qədər artacaqdır”.
Prezident İlham Əliyevin Qırğızıstan səfəri çərçivəsində qarşılıqlı maraq doğuran beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsi aparılıb. İki dövlət arasında dostluq əlaqələri və mədəni münasibətlərin inkişaf perspektirvləri xüsusi vurğulanmalıdır. Bu baxımdan Prezident İlham Əliyevin “ölkələrin inkişafında humanitar amilin strateji status” fikri diqqət çəkir. Bununla dövlətimizin başçısı hər iki xalqın eyni soy kökə, mədəni dəyərlərə malik olduğundan “xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq” deyib.
Prezident İlham Əliyev Qırğız Respublikasına ilk dəfə dövlət səfəri edib. Səfər zamanı imzalanmış 10-a yaxın Azərbaycan-Qırğızıstan sənədləri strateji tərəfdaşlığın fəallaşdırılması və genişləndirilməsinə xidmət edir. İnanırıq ki, bu səfərdən sonra Azərbaycan-Qırğızıstan dövlətlərarası münasibətləri daha da möhkəmlənəcək.
Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Mərkəzinin baş həkimi tibb üzrə fəlsəfə doktoru Talıbova Cəmilə Xalid qızı