Siyası Online Qəzet

“Azərbaycan dövləti Prezident İlham Əliyevin simasında dünyada öz nüfuzunu və mövqeyini möhkəmləndirib”

2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Bu haqda Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova fikirlərini saytımıza bildirib.

Səadət Məhərrəmova deyib ki, 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciətində “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər” deməklə nə dərəcədə dahi və uzaqgörən olduğunu göstərib: “Bu gün Azərbaycan dövləti sözün həqiqi mənasında Prezident İlham Əliyevin simasında dünyada öz nüfuzunu və mövqeyini möhkəmləndirib. 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb. Ötən dövr ərzində insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib”.

QHT sədrinin fikrincə Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq dayanıqlı inkişafa və milli həmrəyliyə nail olunub: “Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Bu siyasətin ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır. Azərbaycan vətəndaşının dayağı dövlətimizdir”.