Siyası Online Qəzet

“Əlimizdə silah Vətənin keşiyində durmaqdan qürur duyurduq”

Kamran Kərimov: "Şadam ki, xaricdə qələbi Vətən eşqi ilə döyünən soydaşlarımız var"

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının nə dərəcədə cəsur və igid oğullarının olduğunu bir daha dünyaya göstərdi. Belə cəsur döyüşçülərdən biri də Vətən müharibəsi qazisi Kərimov Kamran Ramil oğludur. Bu qəhrəman vətən oğlu 09.02.2001-ci il tarixində Bakının Suraxanı rayonunda dünyaya gəlib. Kamran uşaq yaşlarından atasız qalıb. Anasının zəhməti ilə böyüyüb boya-başa çatan Kamran evin tək oğlu olaraq döyüşlərdə iştirak edib.

Kamran Kərimov Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyev tərəfindən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. O, həmçinin Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülüb. Onun saytımıza müsahibəsini təqdim edirik.

-Vətən müharibəsində döyüş yolunuz haradan başladı?
-Vətən müharibəsi başlayanda mən Füzuli rayonundakı N saylı hərbi hissədə əsgər olaraq xidmət edirdim. Evə gəlməyimə 3 gün qalmış Vətən müharibəsi başladı. Böyük fəxr hissi ilə müharibədə iştirak etdim. Döyüşlərə elə Füzuli rayonundan başladıq. Son döyüş yerim Şuşada olub.

-Qələbə xəbərini harada eşitdiniz və hansı hisslər keçirdiniz?
-Mən döyüşdüyum vaxtı bir metr sağ tərəfimə minamyot düşdüyünə görə Füzuli hospitalına yollandım. Amma tam sağalmamış yaralı olaraq yenidən döyüşlərə qatıldım.
Ali Baş Komandanın Qələbə xəbərini biz Şuşada olarkən eşitdik. Həmin anları sözlə ifadə etmək çətindir… Əlimizdə silah Vətənin keşiyində durmaqdan qürur duyurduq.

-Bildiyimizə görə, Rusiyanın Orenburq şəhərindən yeni qayıdıbsız. Bu səfərinizin məqsədi nə idi?
-Bəli, Orenburq şəhərindən yeni gəlmişəm. Müalicə üçün orada bir müddət qaldım.

-Orenburqdakı soydaşlarımız qazi olaraq sizə necə münasibət göstərirdilər?
-Onlar məni çox gözəl qarşıladılar. Məni gördükcə sevindilər. Onların simasında xaricdəki soydaşlarımızın vətənpərvərliyinin şahidi oldum.
Xüsusən Orenburqun Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Yaşar Məsimovun vətənpərvərliyinə çox şadam. O mənə çox böyük diqqət və sayğı göstərdi. Hətta mənə iş belə, təklif etdi. Amma təəssüf ki, mən səhhətimlə bağlı olaraq orada çalışa bilmədim.
Fürsətdən istifadə edib başda Yaşar müəllim olmaqla Orenburqdakı soydaşlarımıza mənə göstərdikləri ehtirama görə təşəkkür edirəm. Şadam ki, xaricdə qələbi Vətən eşqi ilə döyünən belə soydaşlarımız var.

Fuad Hüseynzadə

Vetenqehremanlari.az