Siyası Online Qəzet

Azərbaycan sülhə, sabitliyə və regionun dayanıqlı inkişafına böyük töhfələr verir

 

Prezident İlham Əliyev IX Qlobal Bakı Forumundakı çıxışında bir sıra mühüm məsələlərlə yanaşı, Azərbaycanın yerləşdiyi regionda təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər barədə də ətraflı danışıb. Dövlətimizin başçısı çıxışında Üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsinin zəruriliyi, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbin yerinə yetirilməsinin sülh və sabitliyin təmin olunmasının təməl sütunu olması, bu tələblərin icra olunmadığı təqdirdə digər məsələlərin də öz həllini tapmayacağı barədə fikirlərini forum iştirakçılarının diqqətinə çatdırıb.
Qlobal Bakı Forumunda bildirilib ki, kommunikasiyaların açılması ilə bağlı Ermənistan 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata əməl etməlidir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bir il yarımdan çox vaxt keçsə də, bu istiqamətdə heç bir əməli iş görülməməsi, əslində, Ermənistan tərəfindən məlum Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda bir disbalans yaradır.
Dövlətimizin başçısının vurğuladığı kimi, Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementləri sırasında mühüm yer tutur. Azərbaycana bu əlaqə yolunun təqdim edilməsi sülhün bərpasını şərtləndirir, əks təqdirdə isə Azərbaycanın Ermənistanla birgə yaşayış, habelə normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səylərin uğursuzluqla nəticələnməsinə gətirib çıxarır.
Bakı Forumunda Minsk qrupunun münaqişə dövründəki fəaliyyətsizliyindən də bəhs olunub. Dövlətimizin başçısı ATƏT-dən mandat alan bu qurumun 28 il ərzində heç bir müsbət nəticə əldə etmədiyini, buna görə də Azərbaycanın Qarabağ münaqişəsini Vətən müharibəsində parlaq qələbə ilə aradan qaldırdıqdan sonra artıq bu təsisatın işinə ehtiyac qalmadığını bildirib. Eyni zamanda, Minsk qrupu ilə bağlı hər hansı spekulyasiyanın Azərbaycanda yalnız qıcıq doğurduğunu qeyd edib: “Münaqişə həll olunub. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Minsk qrupu funksiyasını itirib”.
Xatırladım ki, Ermənistanın yaratdığı münaqişənin nizamlanması üçün 24 mart 1992-ci il tarixdə təsis olunan ATƏT-in Minsk Qrupu daim məsələnin həlli istiqamətində deyil, münaqişənin dondurulması yönündə fəaliyyət göstərdi və bununla da uzun bir müddətdə aparılan danışıqlar heç bir nəticə vermədi. Bu zaman ən ağrılı, haqsız, ədalətsiz məqam o oldu ki, həm işğalçıya, həm də işğala məruz qalan tərəfə eyni münasibət göstərildi və beynəlxalq qətnamələr kağız üzərində icrasız vəziyyətdə saxlanıldı. Azərbaycan isə daim münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı. Lakin bu, Ermənistanı ədalətsiz yoldan çəkindirmədi, eyni zamanda, azğınlaşaraq, ölkəmizi yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələdi. Beləliklə, Azərbaycanın hərb yolu ilə ədaləti bərpa etməkdən başqa bir yolu qalmadı.
Prezident İlham Əliyev çıxışında Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyi ilə bağlı fikirlərini diqqətə çatdıraraq, ölkəmizdə bu məsələyə hər zaman mühüm önəm verildiyini bildirib. Dövlət başçısı Azərbaycanın çoxmillətli respublika olduğunu, erməni əhalisinin isə bu ərazidə heç də ən böyük milli azlıq təşkil etmədiyini vurğulayıb. Həmçinin Azərbaycanda bütün əhalinin hüquq və təhlükəsizliyinin Konstitusiya ilə qorunduğunu, bütün millətlərin, o cümlədən illər boyu Azərbaycanda yaşayan ermənilərin bərabər hüquqa malik olduqlarını söyləyib.
Azərbaycan Prezidenti Qlobal Bakı Forumunda 44 günlük müharibənin nəticəsindən irəli gələn Üçtərəfli Bəyanatın imzalanması ilə status-kvonun dəyişdiyini bir daha xatırladaraq, “Dağlıq Qarabağ”ın artıq olmadığını qeyd edib. Ölkə rəhbəri, eyni zamanda, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv olunduğunu, ölkəmizin ərazisində artıq belə bir inzibati strukturun keçmişdə qaldığını vurğulayaraq, bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinadın yeni qarşıdurmaya gətirib çıxaracağına əminliyini ifadə edib. “Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb,-deyə dövlət başçısı bildirib.
Prezident İlham Əliyev çıxışında Ermənistana xəbərdarlıq mesajı da ünvanlayıb: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Tarixi nöqteyi-nəzərdən Azərbaycanın bunu etməyə hüququ var. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşməsindən sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi”.

Nizami NOVRUZOV,
texnika üzrə fəlsəfə doktoru