“Nərmin işi”: Məhkəmədə mübahisə düşüb, hakim iki şahidi zaldan çıxarıb
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda Nərmin Quliyevanın əmisi Arif Quliyev yenidən ifadə verib.
O, əvvəlki prosesdə ifadə verən kənd sakini Ülfət Əliyevin ifadəsi əsasında məhkəməyə çağırılıb. Ülfət Əliyev məhkəmədə Nərminin meyitinin tapılmasından iki-üç gün əvvəl Arif Quliyevin onlara gələrək gecə Nərminə aid paltar və ya ayaqqabının onların qapısına atıla biləcəyini dediyini bildirib.
Bu ifadəyə görə Arif Quliyev məhkəmədə Ülfət Əliyevlə üzləşdirilib. O, prosesdə Ülfət Əliyevə elə bir söz demədiyini, onun niyə belə ifadə verməsinə təəccübləndiyini bildirib:
“Mən onlara yanvarda yox, noyabrda getmişəm. Onda uşağı hər yerdə axtarırdıq, onlara da uşağı axtarmağa getmişdim”.
Ülfət Əliyev isə onun yalan danışdığını deyib:
“Niyə yalan deyirsən? Ayıbdır. Ad gününə görə yanvarın 1 və 2-də mənim qonaqlarım vardı. Ona görə dəqiq yadımdadır ki, ayın ya 3-ü, ya da 4-ü idi. Yoldaşım gəldi ki, Arif səni çağırır, çıxdım, onda dedin…”
Arif Quliyev Ülfət Əliyevlə aralarında heç bir problem olmadığını, onu yalan danışmayan biri kimi tanıdığını deyib.
Daha sonra məhkəmədə ittiham olunan şəxslə təcridxanada eyni kamerada saxlanılmış Rəvan İsmayılov ifadə verib. Rəvan İsmayılov əvvəlki ifadəsində İlkin Süleymanovun yuxuda uşaq öldürdüyünü sayıqladığını deyib. Digər kamera yoldaşları isə ifadələrində İlkin Süleymanovun kamerada təqsirsiz olduğunu dediyini açıqlayıblar. Həbsdə olduğu üçün əvvəlki prosesdə onlayn qaydada ifadə verən Rəvan İsmayılov məhkəməyə gətirilib.
İlkin Süleymanovun vəkilləri şahidin təkrar ifadə verməsi barədə vəkillərin, prokurorun vəsatət vermədiyini, ona görə də onun məhkəməyə gətirilməsinin əsassız olduğunu bildiriblər.
Hakim isə prokurorun ötən məhkəmədə Rəvan İsmayılovun təkrar dindirilməsini istədiyini qeyd edib.
Rəvan İsmayılov ifadəsində bildirib ki, İlkin Süleymanovun təqsirsiz olması barədə digər kamera yoldaşlarına heç nə deməyib. O, İlkin Süleymanovun kamerada uşağı öldürdüyünü etiraf etdiyini bildirib.
Vaxtilə İlkin Süleymanovla eyni kamerada saxlanılan iki nəfər isə prosesdə Rəvan İsmayılovun yalan danışdığını deyib.
Hakim Dadaş İmanov onların zaldan çıxarılmasına göstəriş verib.
Proses iyunun 14-də davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyeva qətlə yetirilərək yandırılıb. Onun meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindiriliblər, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
[ad_2]