Siyası Online Qəzet

İdeal Qadının Həyatı

Bu gün gözəl insan, qayğıkeş ana, savadlı, xalqını, millətini sevən həkim, unudulmaz qadın Zərifə Əziz qızı Əliyevanın vəfatından daha bir il ötür.

Zərifə xanım Əliyeva haqqında söhbət açılanda yada ilk olaraq işıq düşür. Təkcə ona görə yox ki, Zərifə xanım həkim kimi gözlərə nur verirdi. Onun yaşadığı ömrün özü bir işıq mücəssəməsidir. Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, övladlarına, əhatəsində olanlara, gözünün nurunu itirmiş insanlara…

Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir. Hər dəfə Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filminə baxanda qəlbimizdə kövrək hisslər baş qaldırır. Ümummilli lider Heydər Əliyevin öz ömür-gün yoldaşına bəslədiyi müqəddəs məhəbbət duyğuları insanı riqqətə gətirəcək qədər təsirlidir. Görünür, ayrılıqlar kimi, vüsallar da tale yazısıdır. Bir-birinə məhəbbətlə dolu iki ürək on səkkiz ildən sonra Fəxri xiyabanda əbədi qovuşdu.

Zərifə xanım Ümummilli Liderlə çiyin-çiyinə addımlayır, qayğısına qalır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı. Eyni zamanda, övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi. Üstəgəl gərgin iş və elmi fəaliyyət…

Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

Bütün bu uğurların kökündə isə akademik Zərifə Əliyevanın aldığı həyat dərsi dayanırdı. Doğulub boya-başa çatdığı mühitin onun taleyində həlledici rolu olub. Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdı. Atası Əziz Əliyev rektor, nazir, Mərkəzi Komitənin katibi, Baş nazirin müavini kimi yüksək vəzifələrdə çalışmış, dərin intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdı. Onun enişli-yoxuşlu həyatının bütün mərhələləri əslində övladları üçün həyat məktəbi idi. Belə bir ailədə böyüyən Zərifə xanım təbii ki, səmimiyyəti, insanlara sevgisi ilə başqalarından seçilirdi. Bu nəslə və ailəyə məxsus ziyalılıq, əməksevərlik, doğma ocağa, xalqa və vətənə bağlılıq kimi nəcib xüsusiyyətlər onun həyatında öz təcəssümünü tapmışdı. Atasının yolunu davam etdirməyi, gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Oftalmologiya peşəsinə yiyələnmək arzusu isə gənc mütəxəssisi Moskva şəhərinə aparıb çıxarır və o, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnir.

Zərifə xanım ilk növbədə həkim idi, bu peşəni çox uca tuturdu. Həkimi günəşə bənzədərək deyirdi: “Həkim insanlara günəş qədər lazımdır”.

Həmin dövrdə Azərbaycanda bir sıra göz xəstəlikləri geniş yayılmışdı, traxoma deyilən dəhşətli bəla tüğyan edirdi. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problem olan gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib hazırlamaq lazım idi. Zərifə xanım Əliyeva məhz belə bir vaxtda Moskvadan vətənə qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. Gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi ləğv olundu.

Görkəmli alim sonra fəaliyyətini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında davam etdirir. Burada dosent, professor, kafedra müdiri vəzifələrində işləyir, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparır. Həmin dövrdə Zərifə xanım oftalmologiyanın aktual problemlərinə xüsusi diqqət yetirirdi. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının peşə patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin elmi şəkildə tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. Görkəmli alim dünyada ilk olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Bakı Məişət Kondisionerləri Zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, həmin zavodun və digər iri sənaye müəssisələrinin işçilərinə müalicə köməyi də göstərilib. Zərifə xanım Əliyeva bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada, M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Bu tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafat verilmişdi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.

Məşhur oftalmoloq M.Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları yüksək qiymətləndirərək qeyd edib ki, Zərifə Əziz qızı yaşasaydı, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbə rəhbərlik edə bilərdi.

Zərifə xanım bir sıra dərs vəsaiti və monoqrafiyaların da müəllifi olub. Onların arasında “Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” əsərləri xüsusi yer tutur. Alimin göz yaşı xəstəliklərinə həsr etdiyi “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri tibb ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdı. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları da ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

Görkəmli oftalmoloqun tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində ətraflı əks olunub. Bu əsərdə həkim və xəstənin qarşılıqlı münasibətlərinin həssas məqamları, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolu, tibb işçilərinin yalnız təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyi ön planda verilib.

Təsadüfi deyildi ki, Zərifə xanımın birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmiş, o özündən sonra dəyərli məktəb qoymuşdu.

Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında həmişə yüksək fikirdə olublar. Akademik A.Nesterov deyirdi: “Zərifə Əliyeva böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm”. Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.Trutneva Zərifə xanımın elmi-tədqiqatlarının səciyyəvi xüsusiyyətlərini yüksək dəyərləndirərək yazırdı: “Bu cür tədqiqatlar həcminə və vacibliyinə görə seçilsə də, çox zəhmət tələb etsə də, sosial-iqtisadi baxımdan əvəzsizdir. Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib hazırlanmış, istehsalata tətbiq edilmişdir. Zərifə xanımın apardığı tədqiqatların əsas mahiyyəti də məhz bundan ibarətdir”. Tibb elmləri doktoru, professor Z.Skripniçenko alimin elmi fəaliyyətinə belə qiymət verirdi: “Zərifə xanımın elmi maraq dairəsi çox geniş idi. O, bir ümumi dəftərə yeni kitab üçün nəzərdə tutduğumuz fikirləri qeyd etmişdi. Bunlar əsasən toksik kataraktalara və toksik qlaukomalara həsr olunmuş elmi işlərdən, tələbələr və oftalmoloq həkimlər üçün nəzərdə tutulan məruzələrdən ibarət idi”.

Bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.

Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq unudulmaz qadın Zərifə xanımı hörmət və ehtiramla yad edir, Allahdan ona rəhmət diləyirik.

Allah rəhmət eləsin!

ƏDHƏM MƏMMƏDOV 

VƏTƏNQƏHRƏMANLARI.AZ