Siyası Online Qəzet

Milli Qəhrəmanımızın oğlu ilə atası haqqında söhbət

Bu gün  Milli Qəhrəman İbad Hüseynovun Cənab Prezident İlham Əliyev tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunmasından daha bir il ötür. Bu münasibətlə qəhrəmanımızın oğlu Alpay bəy qonağımız oldu.

Həmin müsahibəni sizlərə təqdim edirik:

– Salam. Xoş gəlmisiniz!

– Salam. Xoş gördüm.

-Özünüzü təqdim edin zəhmət olmasa.

-Hüseynli Alpay İbad oğlu. 19 yaşım var.

-Çox gözəl. Təşəkkür edirəm müsahibə təklifimizi qəbul etdiyiniz üçün. Sizin üçün Milli Qəhrəman İbad Hüseynovun övladı olmaq necə bir hisdir? Və ailədəki İbadla cəmiyyətdəki İbad arasındakı fərq nədir?

– Atam həm bizim, həm də bütün xalqımızın fəxridir, sözsüz. Uşaqlıqdan bəri həmişə bizə müharibə ilə bağlı xatirələrini danışır, döyüş yoldaşlarını bizə tanıdır.

– Hər uşaq üçün atası onun idealıdır. Bəs, sizin üçün İbad Hüseynov qəhrəman olduğu üçün idealdır, yoxsa atanız olduğu üçün?

– Demək olar ki, hər ikisi. Həm atamız kimi idealımızdır, həm də Milli Qəhrəman olaraq idealımızdır. Fərq qoymuruq. Evdə də bizim qəhrəmanımızdır.

– Çox gözəl. Allah can sağlığı versin. Bildiyim qədərilə xarici ölkədə ali təhsil alırsınız. Hansı ixtisas üzrə olub seçiminiz?

– Bəli. Türkiyənin Anadolu Universitetində İqtisadiyyat fakültəsində Dövlətin idarə edilməsi ixtisası üzrə ali təhsil alıram.

– Deməli, gələcəyin dövlət idarəçisi oturub qarşımızda. Bəs, sizin fikrinizcə, İbad Hüseynovun oğlu olmağın gələcəyinizə təsiri varmı?

– Təbii ki, var. Çünki istər – istəməz insan baxıb qürurlanır. Düzdür, biz övladları olsaq belə, ona çata bilmərik. Amma mən 3 qardaşım və bir bacımla birgə ona layiq övlad olmaq üçün əlimizdən gələni edirik və edəcəyik.

– İnşallah. Bəs, cəmiyyət içində Milli Qəhrəman İbad Hüseynovun oğlu kimi tanınmaq necə hissdir?

– Təbii ki, elə bir atanın kölgəsində olmaq qürurvericidir. Xüsusilə də, tədbirlərdə bu hissləri sözlə ifadə etmək olmur.

– 30 ildən sonra başda Cənab Prezidentimiz Ali Baş Komandan İlham Əliyev olmaqla müzəffər ordumuz sayəsində əsrin qələbəsini qazandıq. Və təbii ki, bu qələbə uğrunda 1-ci Qarabağ savaşından bu günə qədər 2016 – cı il Aprel döyüşləri və 2020 – ci il İyul hadisələri ilə birgə çox itkilər verdik. Bütün bu sevinclər və itkilər sizin ailədə necə qarşılandı?

– Təbii ki, bu qələbə ailəmizdə böyük coşğu ilə qarşılandı. Həm qürur hissi, həm şəhidlərimizə görə kədər hissi, həm də atamız döyüş bölgəsində olduğu üçün narahatlıq hissi.. Bir sözlə, qarışıq hisslər içərisində idik…

– Sonda isə bir qəhrəman oğlu kimi Şəhid övladlarına nə demək istərdiniz?

– Artıq fəxr etmək dövrüdür. Biz gənclər üçün belə bir tarixi qələbənin canlı şahidi olmaq xüsusi fəxrdir və biz bu hisləri o oğullar borcluyuq. Allah Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı versin! Onları heç vaxt unutmarıq!

– Alpay bəy, təşəkkür edirəm belə bir müsahibə üçün.. Zaman ayırıb öz fikirlərinizi bizimlə bölüşdüyünüz üçün də minnətdaram. Çox sağ olun.

– Mən təşəkkür edirəm ki, mənim fikirlərimi, hislərimi dəyərləndirib işıqlandırdığınız üçün. Sağ olun.

Nərmin Səfərova

Vətənqəhrəmanları.az