İqor Ponomaryov: “Qarabağ” – “Bayer 04” oyununun ədalətli nəticəsi heç-heçə idi”
“Qarabağ” – “Bayer 04” oyununun ədalətli nəticəsi heç-heçə idi”.
Bunu “Report”a açıqlamasında SSRİ millisinin heyətində Seul Yay Olimpiya Oyunlarının qalibi olan İqor Ponomaryov UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun “Qarabağ” – “Bayer 04” matçı haqda danışarkən deyib.
Veteran futbolçu Ağdam təmsilçisinin kifayət qədər intizamlı oynadığını, sadəcə, həlledici anlarda tələskənliyin komandaya mane olduğunu bildirib: “Qarabağ” çox yaxşı oynadı. Qarşılaşma ərzində rəqibindən daha çox təhlükəli epizodlar yaratdı. Amma təəssüf ki, meydanı məğlubiyyətlə tərk etdi. Oyunun sonlarında təyin olunan penalti hər şeyi korladı. Düzdür, top futbolçumuzun əlinə dəymişdi. Burada son qərar hakimə məxsusdur. Komanda yaratdığı epizodları qola çevirsəydi, nəticə fərqli olardı. Amma təəssüf ki, futbolçular həlledici anlarda son nöqtəni qoya bilmədilər. Bəlkə də tələskənlik buna mane oldu”.
İ.Ponomaryov “Qarabağ”ın qrup perspektivi haqda da danışıb: “Qarşıda komandanı daha iki oyun gözləyir. “Molde” və “Hakken” ilə matçlarda “Qarabağ”a uğurlar arzu edirəm. İnşallah, qrupda ikinci yeri tutmaqla növbəti mərhələyə vəsiqə qazanarlar”.
Qeyd edək ki, ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” – “Bayer 04” oyunu Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsiylə bitib. Görüşdə yeganə qolu 90+4-cü dəqiqədə penaltidən Viktor Bonifeys vurub. “Qarabağ” yer aldığı H qrupunda növbəti matçını noyabrın 30-da Norveçdə “Molde”yə qarşı keçirəcək.