Siyası Online Qəzet

Azərbaycan Ordusunda hansı dəyişikliklər olacaq? – General açıqladı

“Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun fəaliyyətin təşkili görülən işlərin keyfiyyətinin artmasında mühüm rol oynayır. Xüsusilə təyinatların kompüter proqram təminatı ilə həyata keçirilməsi şəffaflığın bariz nümunəsidir”.

Vetenqehremanlari.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov deyib.

“Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşmadan söz düşmüşkən “Gizir hazırlığı məktəbi”nin fəaliyyətə başlamasını xüsusilə vurğulamaq yerinə düşər. Bu məktəbin yaradılmasında başlıca məqsəd peşəkar gizirlərin hazırlanması və komanda idarəetmədə gizir konsepsiyasından istifadənin daha da artırılmasından ibarətdir. Qeyd olunan mühüm xüsusiyyətlər və bu istiqamətdə görülən işlər mövcud problemlərin həllində, gələcək planların inkişafında və daha da sürətlənməsində mühüm rol oynayacaq”, – o bildirib.

E.Xəlilov əlavə edib ki, Azərbaycan Ordusunun inkişaf istiqamətlərinə uyğun olaraq, zabit heyətinin vaxtında və ədalətli karyera inkişafının təmin edilməsi, onların peşəkarlıq keyfiyyətlərinin səviyyəsinin yüksəldilməsi məqsədilə karyera inkişafının planlaşdırılmasının həyata keçirilməsi və bu məqsədlə karyera inkişafı mexanizmlərinin, metod və vasitələrinin müəyyənləşməsi perspektivdə reallaşdırılmalı olan prioritet məsələlərdəndir.