Siyası Online Qəzet

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev: Tarixi mesajlar! Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq!

Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxış etdiyi bütün platformalarda hər zaman bizim humanizm və sülh prinsiplərinə əsaslandığımızı qeyd edir. Bu reallıq Vətən müharibəsindən öncə də belə idi, bu gün də dəyişməz olaraq qalır. Ona görə ki, Prezident İlham Əliyevin sözü imzası qədər dəyərlidir. Vətən müharibəsi dövründə, eləcə də postmüharibə zamanı dövlətimizin başçısı həyata keçirdiyi uğurlu hərbi,diplomatik siyasətlə yanaşı informasiya cəbhəsində də mübarizə aparmışdır. Çünki, məlum olduğu kimi bir sıra qərbyönümlü televiziya kanallarının müxbirləri qərəzli mövqedən çıxış etsələr də Azərbaycan Prezidenti haqlı mövqeyimizi və Qarabağın tarixi Azərbaycan torpağı olduğu həqiqətini rəsmi sübutlarla və tarixi mənbələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Ancaq qeyd etmək lazımdır ki, dost ölkələrin televiziya kanallarının jurnalistləri də müsahibələr zamanı bizi tarixi Qələbəmiz münasibətilə təbrik etmiş və cənab Prezidentin yazdığı şanlı tarixə şahid olmuşdur.

Bildiyimiz kimi bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Müsahibə avqustun 1-də “Euronews”da yayımlanıb. Cənab Prezident müsahibə zamanı bir çox xüsusi məsələlərə toxunmaqla, bir daha dünyaya mesaj verdi ki, Qarabağ Azərbaycan torpağıdır!, Ermənsitan siyasi rəhbərliyi və onların riyakar havadarları bu tarixi faktı qəbul etməli, eyni zamanda regiona davamlı sülh gətirəcək müqavilə imzalanmalıdır. Bir sözlə doğma Qarabağdakı seperatizmin qanunsuz fəaliyyətinə son qoyulmalı və oradakı qeyri-qanuni silahlı birləşmələr əzəli yurdumuzu-Xankəndini tərk etməlidir. Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim eksklavımız olan Naxçıvana çıxışımız olsun. Lakin bu, hələ də baş vermir. Beləliklə, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Biz Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsini qurduqdan dərhal sonra, – bu, bizim legitim hüququmuzdur və heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir, – biz burada Şuşadakı nümayəndəm vasitəsilə QHT nümayəndələri ilə danışdıq ki, həmin aksiyanı dayandırsınlar. Onlar bunu etdilər və getdilər. Hazırda da hərəkət etmək azadlığı bloklanmayıb. Aprelin 23-dən – sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib.

Bəli, cənab Prezidentin söylədiyi fikirlər sübuta yetirdi ki, biz öz tarixi torpaqlarımıza qayıtmışıq və əbədi olaraq burada yaşayacağıq. Bu isə Ermənistana və dünyaya verilmiş tarixi mesajdır. Əgər erməni azlığı digər etnik azlıqlar kimi Qarabağda sülh və harmoniya şəraitində yəni, qanunlarımız qarşısında bərabər yaşamaq istəyirlərsə bizim vətəndaşlağımızı qəbul etməlidir. Bu əslində erməni xalqı üçün verilmiş tarixi şansdır. Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli, konstruktiv mövqeyi və apardığı müdrik siyasət bütün dünyaya sübut etdi ki, Azərbaycan qüdrətli dövlətdir və biz haqlı mübarizəmizdə qalib gəlmişik.

 

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev