Siyası Online Qəzet

Qərbi azərbaycanlıların səsi

Prezident İlham Əliyev: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”

Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması və soyqırımı törətməsi heç də uzaq tarixi keçmiş deyil. Bu hərbi cinayətləri tutarlı tarixi faktlar təsdiq edir. Ayrıca, istər Qərbi Azərbaycanda, istərsə də Qarabağda etnik təmizləməyə məruz qalan şahid qismində minlərlər soydaşımız var. Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tribunlarda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasəti apardığını gündəmə gətirib: “Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Azərbaycan torpaqlarında misli görünməmiş vandallıq aktları törədib”.

Ermənistanın azərbaycanlılara qarşı növbəti etnik təmizləmə siyasəti ötən əsrin 80-ci illərinin sonlarında başlamışdır. Belə ki, Ermənitsan ərazisində yaşayan soydaşlarımız öz ata-baba yurdlarından məcburi şəkildə çıxarılmışdır. 1988-1991-ci illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Bütün bunlar Qərbi Azərbaycan İcması tərəfindən hesablanıb. Qeyd edək ki, bu təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur.  Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir. Ötən ilin dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Prezident İlham Əliyev görüşdə Qərbi Azərbaycanla bağlı bir sıra fikir və təkliflər səsləndirib: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.

Artıq Qərbi Azərbaycan İcması tərəfindən Qayıdış Konsepsiyası hazırlanıb. Bu, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiyadır. Sənədə görə, İcma qayıdış prosesinin nizamlı və effektiv şəkildə həyata keçirmək məqsədilə müvafiq beynəlxalq icraçı tərəfdaş tapmaq üçün səy göstərəcək: “Bu tərəfdaşın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının olmasına üstünlük veriləcək. İcma beynəlxalq icraçı tərəfdaş ilə birlikdə, tətbiq oluna bilən beynəlxalq standartlar əsasında, Azərbaycan hökuməti və Ermənistan hökuməti ilə təmaslar şəraitində qayıdışın detallı planını hazırlayacaq. Qayıdış planı tələb olunan addım və resurslar, dəqiq zaman çərçivəsi göstərilməklə prosesin mərhələlərini və istiqamətlərini təsvir etməlidir”.

Bu gün artıq Qərbi azərbaycanlıların səsi az da olsa eşidilməkdədir. Dünya mediasında bu mövzuda yazılar gündəmə gəlir. Ayrıca beynəlxalq təşkilatlara Qərbi Azərbaycanla bağlı bəyanatlar göndərilir. Aidiyyəti beynəlxalq qurumlar tərəfindən bir çox halda bu bəyanatlara reaksiyalar verilir. Demək, görülən işlər öz müsbət effektini verməkdədir. Bu fəaliyyətin daha da uğurlu olması üçün təkcə Qərbi Azərbaycan İcması deyil, bütün dünya azərbaycanlıları fəallıq göstərməli, bu məsələni güdəmdə saxlamaq üçün səy etməlidir.

 

Fuad Hüseynzadə

Yazı “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır” layihəsi çərçivəsində hazırlanıb.