“Vetenqehremanları.az”publika.az saytına istinadən
Azərbaycan və Avropa İttifaqı münasibətləri hazırda strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakı səfəri, Prezident İlham Əliyevlə keçirilən görüşlər və verilən mesajlar bunun növbəti nümunəsi hesab oluna bilər. Bakı-Brüssel xəttində baş verənlər münasibətlərin dönüş nöqtəsinə çatdığı və yeni mərhələnin başlanğıcıdır.
Daha öncə Aİ rəhbərliyində təmsil olunanların, xüsusilə xarici siyasət üzrə keçmiş komissar Cozep Borrelin timsalında lobbi maraqlarına xidmət etməsi Bakı ilə münasibətlərdə Brüsseldən qaynaqlanan problemlər yaratmışdı. Halbuki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə etibarlı tərəfdaşdır və Bakı ilə münasibətlərin pisləşməsi Brüssel üçün təkcə Cənubi Qafqazda mövqelərinin zəifləməsi yox, həm də öz təhlükəsizliyinin risk altına düşməsi demək idi. Aİ rəhbərliyində dəyişikliklərdən sonra Azərbaycana qarşı qərəzli münasibət böyük ölçüdə arxa plana keçdi və münasibətlər sağlam yanaşma əsasında quruldu. Aİ Şurasının prezidenti Antonio Kostanın Bakıya səfərindən sonra Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin gəlişi bu yanaşmanın nəticəsi hesab oluna bilər.
Avropa İttifaqı Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Ursula fon der Lyayenin Bakıda verdiyi mesajlar da bu yöndə idi. Avropa Komissiyasının sədri Azərbaycanı etibarlı strateji tərəfdaş adlandırdı, Prezident İlham Əliyevin liderliyini də xüsusilə vurğuladı. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun və regional liderliyinin Brüsseldə qəbul edilməsi deməkdir. Və heç də təsadüfi deyil.
Azərbaycan Avropa üçün etibarlı tərəfdaş olduğunu əməli fəaliyyəti ilə təsdiq edib. Bakı-Brüssel xəttində enerji üzrə tərəfdaşlıq təkcə ticarətdən ibarət deyil, bu, çətin vəziyyətlərdə Avropanın təminatı deməkdir. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Brüssel ciddi enerji böhranı ilə üzləşdi və məhz Bakının dəstəyi ilə bu vəziyyətdən çıxa bildi. Azərbaycan Aİ-nin kömək istəyinə cavab olaraq, qısa müddətdə qaz ixracını 65 faiz artırdı.
Azərbaycan-Aİ münasibətləri təkcə enerji sektorunu yox, geniş iqtisadi-siyasi istiqamətləri özündə birləşdirir. Aİ-nin Cənubi Qafqazda ticarət dövriyyəsinin 70 faizinin Azərbaycanın payına düşməsi də bunu təsdiq edən faktlardandır. Bununla yanaşı, Azərbaycanın Avrasiyanın nəqliyyat şəbəkəsində qovşaq rolunu oynaması Aİ-yə logistik imkanlar qazandırır. Azərbaycanla münasibətlər Avropa İttifaqı üçün Mərkəzi Asiya regionu ilə əlaqələr, eləcə də yeni karbohidrogen mənbələrinə çıxış üçün strateji əhəmiyyət daşıyır. İkitərəfli münasibətlərdə yeni istiqamətlərdən biri də yaşıl enerji sektorudur. Azərbaycanın zəngin potensialı, xüsusilə azad olunmuş ərazilərdəki ehtiyatlar Aİ-nin diqqət mərkəzindədir.
Ursula fon der Lyayenin verdiyi mesajlar Aİ-nin Azərbaycanla əməkdaşlıq istiqamətlərini genişləndirmək niyyətindən xəbər verir.
Aİ “Qlobal Qapılar” Sərmayə Proqramı vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər qrant şəklində sərmayə yatıracaq. Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsaitləri cəlb etmək potensialı var. Layihələrə Naxçıvandan keçən dəmir yolu bağlantısı və ya Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər. Brüssel Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edir. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksəksəviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır. Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkil edilməsi təklifi də var. Bununla yanaşı, Aİ Azərbaycan-Ermənistan sülh prosesinin inkişafına 20 milyon avro vəsait ayırmaq niyyətindədir.
Prezident İlham Əliyev də çıxışında Avropa İttifaqı ilə münasibətlərə xüsusi önəm verdiyimizi və bunun daha da inkişaf etdirilməsində maraqlı olduğumuzu bəyan etdi.
Azərbaycan hazırda dünyanın güc mərkəzlərinin diqqət mərkəzindədir. Bir tərəfdə ABŞ-la strateji tərəfdaşlıq, digər tərəfdə Çinlə hərtərəfli tərəfdaşlıq münasibətləri mövcuddur. Qlobal mərkəzlərdən biri olan Aİ ilə münasibətlər də strateji xarakter daşıyır.
Ursula fon der Lyayenin Bakı səfəri bu kontekstdə qiymətləndirilə bilər.
Related Posts