Milli maraqlara əsaslanan enerji siyasətinin nəticələri
Prezident İlham Əliyev: “Təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir”
Son illər Azərbaycanda dövlət müstəqilliyi möhkəmlənib, sosial-iqtisadi inkişafa nail olunub, dünya iqtisadiyyatına inteqrasiyaya başlanılıb. Azərbaycan dövləti tərəfindən aparılan siyasət nəticəsində Azərbaycan Qafqazın və Xəzər regionunun geosiyasətində əhəmiyyətli rol oynamağa başlayıb. Azərbaycan yalnız neft və qaz ehtiyatlarına görə deyil, həmçinin Qara və Xəzər dənizləri regionunda tutduğu mövqeyə görə ABŞ, Avropa və Asiya dövlətlərinin maraqlarının kəsişdiyi geosiyasi mərkəzə çevrilib. Neft və qaz ehtiyatlarının işlənməsi, həmçinin onların dünya bazarlarına ixracı üzrə nəhəng layihələrin həyata keçirilməsi sayəsində Xəzər regionu XXI əsrdə dünyanın əhəmiyyətli regionlarından birinə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Eyni zamanda Azərbaycan müxtəlif istiqamətlər üzrə beynəlxalq əməkdaşlığı genişləndirir. Bu baxımdan Azərbaycanın strateji tərəfdaşlarından biri də Rumıniyadır. Bu ölkə ilə Azərbaycanın əməkdaşlığı uzunmüddətlidir. Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri və imzalanan yeni sənədlər bu əməkdaşlığın bundan sonra da davam edəcəyini sübutlayır. Prezident İlham Əliyevin 2 fevral tarixində Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanatı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın perspektivlərini qeyd edib: “Təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir”.
Azərbaycanın energetika sahəsində əldə edilən nailiyyətlər həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olub. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində aparıca rola malikdir. Azərbaycanın qaz ixracatını sürətlə artırdığını deyən cənab Prezident bildirib ki, keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu artımın göstəricisidir. Dövlətimiz qaz ixracatçısı kimi artıq dünyada öz sözünü deyib. Nəhəng “Cənub Qaz Dəhlizi” layihəsi müasir dövrün ən böyük enerji layihələrindən biri kimi bütün dünyanın diqqət mərkəzindədir və uğurla irəliləməkdədir. Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin həm ideya müəllifi, həm də təşəbbüskarıdır. Böyük bir tranzit zənciri olan “Cənub Qaz Dəhlizi” layihəsinin təməli 2014-cü ildə təməli qoyulub və “Şahdəniz” yatağının işlənilməsinin 2-ci fazası ilə bərabər, 3 boru kəmərini bir birinə bağlayır. Bu boru kəmərləri genişləndirilmiş Cənubi Qafqaz qaz boru kəməri, TANAP və TAP kəmərlərindən ibarətdir. Prezident bəyanatında bu haqda danışaraq deyib ki, Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır. “İki il bundan əvvəl “Cənub Qaz Dəhlizi”nin son seqmenti olan TAP layihəsi uğurla icra edilmişdir”,-deyə dövlətimizin başçısı əlavə edib. Artıq Azərbaycanın təbii qazı 3 min kilometrdən artıq məsafədə Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına nəql edilməkdədir.
Azərbaycan Xəzərin neft-qaz ehtiyatları ilə zəngin Azərbaycan sektorunda hasilat həcmlərinin artırılması istiqamətində fəaliyyətini durmadan genişləndirir. Prezident İlham Əliyev SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi olduğunu vurğulayıb: “Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var”. Milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranıb. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanqıcında məhz milli neft-qaz strategiyası təşkil edir. Bu təməl əsasında Azərbaycan iqtisadiyyatı bundan sonra daha sürətlə inkişaf edəcək
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent