İki sülhsevər dövlətin uğurlu əməkdaşlığı
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində səy göstərirlər
Prezident İlham Əliyev 2023-cü ildə xaricə ilk işgüzar səfərini yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) edib. BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə gerçəkləşən bu səfər ölkələrimiz arasında münasibətlərin bir çox sahədə strateji əhəmiyyətini bir daha təsdiqləyir. Əbu-Dabidə Prezident İlham Əliyevin BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşdə iki ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirilib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Yanvarın 16-da BƏƏ-nin paytaxtıda Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində cənab Prezidentin iştirakı və belə bir mötəbər tədbirdə çıxşı səfərin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Dövlətimizin başçısı çıxşında Azərbaycan ilə BƏƏ arasında münasibətlərin strateji əhəmiyyətə malik olduğunu qeyd edib. Bu münasibətlərin istiliyi ondan irəli gəlir ki, BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionuna aid müzakirələrdə BƏƏ Azərbaycana daima dəstək göstərib. Fransa ilə Ermənistanın BMT TŞ-də Laçın-Xankəndi yolundakı aksiyaya görə Azərbaycan qarşı qəbul etdirmək istədiyi qətnaməyə BƏƏ-nin qarşı çıxması xüsusi vurğulanmalıdır. BƏƏ-nin bu dəstəyi dostluğun və qardaşlığın nümunəsi olaraq qiymətləndirilir. Çox müsbət haldır ki, hər iki dövlət regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində səy göstərirlər.
Xatırladaq ki, 2008-ci ildən etibarən ənənəvi olaraq “Əbu-Dabi Dayanıqlılıq Həftəsi” keçirilir. Müxtəlif ölkələrdən nümayəndə heyətlərinin, sahibkarların, elm adamlarının qatıldığı Əbu-Dabi Dayanıqlılıq Həftəsi bu mövzuda dünyanın ən aparıcı tədbirlərindən hesab olunur. Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip – qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir. Budəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edir. Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir.
Qürurverici məqamdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimindəki çıxışı BƏƏ mətbuatının gündəmində olub. BƏƏ-nin rəsmi WAM informasiya agentliyi, eləcə də “Əl Xalic”, “Əl-Ayn” portallarında dərc olunmuş məqalələrdə isə Prezident İlham Əliyevin çıxışından əsas məqamlar yer alıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyinin təmin olunması üçün inkişaf etdirmədiklərini bildirib. Eyni zamanda, diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev “Masdar” və Azərbaycan Dövlət Neft Şirkətinin 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair imzaladıqları razılaşmanın hələ qısamüddətli bir layihə olduğunu, ortamüddətli layihələr nəticəsində güclərin 10 qiqavata qədər artırılacağını söyləyib.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırılıb.
Prezident İlham Əliyevin BƏƏ səfəri iki ölkə arasında əlaqələrin bundan sonra daha da genişləndiriləcəyini göstərir. Çünki artıq dövlət başçıları tərəfindən siyasi xəttə müəyyənləşdirilib. Bu siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri gözlənilir. Bütün bunlar da hər iki sülhsevər dövlətin əməkdaşlığının daha da güclənəcəyindən xəbər verir.
Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi