Su hövzələrinin və oradakı biomüxtəlifliyin qorunması üçün hansı kampaniyalar təşkil edilməlidir?
Ekspert: “Bir sıra faktorlar çimərlik turizminin inkişafına mane olur”
Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir.
Təbiət turizminin bir forması kimi ətraf mühitə qayğı ilə bağlı turizm növü olan ekoturizm məqsədyönlü şəkildə təbii ərazilərə ətraf mühitin və yerli təbiətin vəziyyəti ilə daha dərindən maraqlanmaq, bütün bunların dərindən öyrənilməsi və dərk edilməsi məqsədilə edilən səyahətdir. Ekoturizmin su hövzələrinin və biomüxtəlifliyin qorunmasında rolu var. Müsahibimiz Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri və Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndidir:
–Ekoturizmin əsas məqsədlərindən biri də biomüxtəlifliyin qorunmasını təbliğ etməkdir. Bu istiqamətdə ölkədə həyata keçirilən tədbirləri necə dəyərləndirirsiniz?
-Bioloji Müxtəlifliyin Qorunması Xidməti ETSN nəzdində çalışan qurumdur. Bu Xidmətin tabeliyində, o cümlədən 10 Milli Park fəaliyyət göstərir. Biz də bu qurumla işgüzar əlaqələr qurmuşuq və çalışırıq ki, ümumi işə müsbət töhfə verək. Milli Paklar – xüsusi mühafizə olan təbii ərazilərdirlər. Və Milli Parkların məqsədlərindən biri də biomüxtəlifliyin qorunması, ətraf mühitin mühafizəsilə ekoloji turizm fəaliyyətlərinin bu ərazilərdə inkişafıdır. Milli Parkların ərazisində nəzərdə tutulan işlərin sayı genişdir, bu istiqamətdə müxtəlif layihələr realizə edilirlər.
-Ekoturizm ətraf mühitə qayğı ilə bağlı turizm növüdür. Sizin fikrinizcə bu gün biomüxtəliflik qorunurmu?
– Hazırda ETSN nəzdində Bioloji Müxtəlifliyin Qorunması Xidməti fəaliyyət göstərir, deməli bu sahəyə dövlət tərəfindən xüsusi diqqət var. Bəzi səhvləri də biz görürük – misal üçün, ucqar regionlara, təbiət güşələrinə asfalt yolların salınmasını göstərmək olar. Hamıya məlumdur ki, asfalt yollar neft məhsuludur və onun sosial-iqtisadi proseslərə müsbət təsiri ilə yanaşı ətraf mühitə mənfi təsirləri də mövcuddur. Yaxud digər bir misal gətirim, palçıq vulkanları və digər nadir təbii ehtiyatlar olan ərazilərdə əsaslı tikinti işlərinin aparılması da ekoloji cəmiyyət tərəfindən bir mənalı qəbul edilmirlər.
-Ekoturların obyektləri sırasında su turları da var. Bu gün ölkədəki su hövzələrinə turlar zamanı mövcud vəziyyət sizi qane edirmi?
- Xeyir, qane etmir. Su ehtiyatları ilə əlaqədar turlar əsasən Xəzər Dənizində baş tutur – yaxtalarda baş tutan Bakı dəniz hövzəsində aparılan turlara qatılmaq üçün xüsusi icazələr tələb edilirlər, hansılar ki, onu almaq üçün vaxt tələb edilir, bu isə operativliyi pozur. Digər tərəfdən son illərdə dayving (diving) fəaliyyətləri inkişaf edir, yalnız bunlar Xəzərdə aktivdirlər. Azərbaycanın bu fəaliyyət üçün yararlı olan gölləri var, hansıları ki, hələlik o qədər də istifadə edilmirlər. Düşünürəm ki, bu fəaliyyətləri təşviq etmək və onların təşkilatı proseslərini asanlaşdırmaq zəruridir.
-Bir sıra ölkələrdə ekoturizm geniş yayılsa da Azərbaycanda hələ o qədər də inkişaf etməyib. Turistləri cəlb etmək üçün biomüxtəlifliklə bağlı hansı vacib addımlar atılmalıdır?
– Azərbaycan təbii ehtiyatlarla zəngin ölkədir! Ölkənin dörd tərəfində müxtəlif təbii və antropogen resurslar var, hansıları ki, biz yüksək ekoloji turizm potensialı ilə fərqləndiririk. Xüsusilə qeyd etmək istərdim ki, işğaldan azad olan ərazilərdə də ekoturizm və biomüxtəlifliyin qorunması baxımından geniş imkanlar yaranıb. Düşünürəm ki, bu ərazilərdə yaxın gələcəkdə müxtəlif ekoturizm fəaliyyətləri yaranacaq. Azərbaycan postsovet zamanında ilk gəlmə turizm istiqamətində addımlarını şəhər turizm növləri, biznes və ya işgüzar turizm, MİCE (Meeting, İncentive, Conference, Exhibition) kimi turizm istiqamətlərilə başlayıb. Müxtəlif irimiqyaslı tədbirlərin keçirilməsi ölkənin geniş dünya miqyasında tanınmasına böyük xidmətlər göstərib, gəlmə turizm coğrafiyasının artmasına səbəb olub. O cümlədən gəlmə turizmə (incoming) yol açan vizaların elektron qaydada tətbiq edilməsi yardımçı olub. Hazırda dövlət, özəl sektor, ictimai birliklər və klublar tərəfindən ekoloji turizm fəaliyyətləri və onun tərkib hissəsi olan biomüxtəlifliyin qorunması kimi istiqamətlərdə müxtəlif layihələr və bizneslər yaranıb. Ölkədə daxili turizm inkişaf etməklə yanaşı açıq hava şəraitində və təbiətdə baş tutan ekoloji turizm fəaliyyətlərinin artmasını,bu sahədə yeni təklifləri müşahidə edirik. Qeyd etmək istərdim ki, ekoloji turizm fəaliyyətləri davamlı inkişaf prinsiplərinə əsaslanır. Bu baxımdan da turist axınları, onların marşrutları, müvafiq infrastruktur, bələdçilər və s. sistemli şəkildə tənzimlənməlidirlər ki, davamlılıq, biomüxtəlifliyin qorunması təmin edilsin. Onu da unutmayaq ki, ekoloji turizm, o cümlədən yerli mədəniyyəti (memarlıq, kulinariya, geyim, məişət folklor və s.) və ətraf təbiəti dərk etməklə əlaqədar olan səyahətlərdirlər, bu baxımdan milli irs nümunələri, milli kimliyi daşıyan mədəni elementləri də ekoloji turizm məqsədlərilə geniş istifadə etmək mümkündür. Ekoloji turizm yerli əhalinin də maraqlarına xidmət edərək bir növ sosial turizm növü elementləri də daşıyır. Hazırda ölkədə bir sıra eko-parklar, aqro-fermalar, o cümlədən fərdi və qrup ekoturlar təklif edən klublar, fərdi həvəskarlar və fərdi sahibkarlar sahəsində inkişaf müşahidə edirik. Milli və beynəlxalq sertifikasiyalar, hazırlıq proqramları, bələdçilik ənənələri, marşrut və cığırların sistemləşdirilməsi, digər tərəfdən bu sahədə fəaliyyətləri təşviq edərək, start-up ların daha geniş maliyələşdirilməsi, o cümlədən ixtisaslaşmış bank biznes kreditlərin, fondların və müxtəlif institusional qurumların ianələri və qrant layihələri sahəsində inkişafı sürətləndirmək olar. Düşünürəm ki, biz Azərbaycanı dünya turizm bazarında ekoloji mədəniyyətin və ekoturizmin inkişaf etdiyi ölkə kimi də tanıda bilərik. Bəzi ekoturizm istiqamətləri sahəsində ümumiyyətlə, fəaliyyətlər müşahidə edilmir. Bunların sırasında, baxmayaraq ki, bunun üçün ölkədə müxtəlif imkanlar mövcuddurlar, elmi ekoturları qeyd etmək olar. Turistlər elmi ekoturlann gedişində təbiətin müxtəlif növlü tədqiqində iştirak edirlər, sahə müşahidələri aparırlar. Ekoturizm kimi anlanan dağ turizmi, dağa dırmanma və alpinizm kimi fəaliyyət sahələrində bəzi boşluqlar mövcuddurlar. Misal üçün peşəkar, beynəlxalq sertifikasiyalı dağ turist marşrutları üzrə bələdçilərimiz sahəsində işlər aparılmalıdır. Biz çox sevinirik ki, Azərbaycan Alpinizm Federasiyası yaradılıb və bu təşkilatda AzETA Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyətinin Üzvi, həmtəsisçilərimizdən biri olan, məşhur alpinist İsrafil Aşurlı İcraçı Direktor təyin edilib. Düşünürəm ki, peşəkar və həvəskar alpinizm sahəsində bundan sonra xüsusi inkişaf olacaq və bu sahəyə maraq daha da artacaq.
-Xəzərin, o cümlədən çimərliklərin çirklənməsi turizmə hansı mənfi təsirləri göstərir?
-Çimərliklərin və Xəzərin hövzəsinin çəkilməsi, çirklənməsi təbii ki, mənfi təsirlər göstərməkdədir. Çimərliklərin ekoloji problemlərilə yanaşı servis, o cümlədən ətraf mühitin mühafizəsi sahələrindədə boşluqları mövcuddur. Xəzərdən istifadə etməkdə daha geniş ekoloji maarifləndirmə işləri aparılmalıdır. Qeyd etmək lazımdır ki, Xəzər dənizinə açılan kanalizasiya boruları təkmilləşdirilməli, daha uzaq məsafəyə, dərin sulara çəkilməli və ciddi sürətdə filtrasiya edilməlidir. Bunlar böyük vəsaitlər tələb edən layihələrdirlər. Bu faktorlar çimərlik turizminin inkişafına mane olurlar. Yada salmaq istərdim ki, “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidenti 30 mart 2017-ci il tarixində Sərəncam imzalayıb.