8 noyabr – Azərbaycan tarixinin parlaq səhifəsi
İki il öncə müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Silahlı Qüvvələrimizin gücü, xalqımızın birliyi, iradə və əzmkarlığı bizə böyük qələbə bəxş etdi. Bu tarixi zəfərə, əldə etdiyimiz böyük qələbəmizə görə ilk növbədə Şəhidlərimizə, qazilərimizə, əsəgrlərimizə borcluyuq. 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət hissinin təntənəsi oldu. Müharibə zamanı Azərbaycan Ordusu bir addım belə geri çəkilmədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, “bu tarixi qələbə təkcə torpaqların geri qaytarılması deyil, ilk növbədə milli ləyaqətimizin bərpa olunması deməkdir”.
Xalqımız 30 il idi ki, bu tarixi anı səbirsizliklə gözləyirdi. İki il əvvəl Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən təxribatlarına qarşı əks-hücum əməliyyatına start verdi. Otuz illik erməni işğalına 44 gün ərzində son qoyuldu. İki il əvvəl baş verənlər Azərbaycan xalqı üçün tarixi, siyasi və həyati əhəmiyyət kəsb edirdi. Azərbaycan bütün təzyiqlərə baxmayaraq müharibəni lazımi həddə qədər davam etdirdi və Ermənistanı kapitulyasiya aktına imza atdırmağa məcbur etdi. Bu, eyni zamanda dünyada separatizmə, bölücülüyə qarşı tarixi qələbə kimi də qiymətləndirilə bilər. Çünki münaqişənin nizamlanması məqsədilə 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu 29 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı. Bu yanaşma illər ərzində sülh danışıqlarının nəticəsiz davam etməsinə səbəb oldu. Açıq şəkildə işğalçı ilə işğala məruz qalmış tərəf arasında fərq qoyulmadı. Beynəlxalq qətnamələr kağız üzərində qaldı. Halbuki Azərbaycan daim öz məsuliyyətini dərk edən ölkə kimi beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı. Dünyanın ən nüfuzlu təşkilatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi. Təhlükəsizlik Şurasının Ermənistan silahli qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Ən dəhşətlisi isə budur ki, beynəlxalq miqyasda sərgilənən riyakarlıq işğalçını daha da azğınlaşdırırdı, erməni təxribatlarının miqyası genişlənirdi.
Bütün dünya, o cümlədən, Ermənistan dərk edirdi ki, Azərbaycan heç bir halda işğalla, təslimçi sülhlə barışmayacaq. 2016-cı il Aprel döyüşləri, 2020-ci il iyul ayında Tovuz döyüşləri bunu bir daha sübut etdi. Amma düşmən yenə də öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmırdı. Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gələndən sonra riyakar siyasəti və “Qarabağ Ermənistandır, nöqtə” deməklə, heç bir ümid, güzəşt yeri qoymadı və Azərbaycan Prezidenti İlham Əliyev haqlı, məntiqli olaraq ordunu döyüş vəziyyətinə gətirdi. 44 günlük müharibə isə həm ermənilərə, həm də onun havadarlarına dərs oldu. Bir daha təsdiqləndi ki, Azərbaycanın gücü hərbi potensialla yanaşı, milli həmrəylikdə və peşəkar rəhbərlikdədir. Azərbaycan öz haqqını və tarixi ədaləti bərpa etməklə bölgədə yeni reallıqlar yarandı.
44 gün davam edən döyüşlər zamanı Rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib.
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, Şəhidlərimizin qanı və canı bahasına azad edildi.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli bəyanat imzalanıb. Ermənistan həmin gün kapitulyasiya aktına imza atıb. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub.
Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin hərbi-siyasi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin – Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verildi.
Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağ münaqişəsi artıq yoxdur, 2 il əvvəl məsələ öz həllini tapdı. Münaqişənin həlli eyni zamanda, regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən strateji faktordur. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu möhkəmləndirəcək. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail olub. Artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Heç bir qüvvə problemi yenidən bərpa etmək, Azərbaycana öz iradəsini qəbul etdirmək iqtidarında deyil. Əsas reallıqlardan biri də budur ki, Azərbaycan bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəfdir. Bu gün beynəlxalq aləm də Azərbaycanın qələbəsini qəbul edir. Biz bundan sonra əbədi olaraq qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq.
Müharibənin ilk günündən başlayaraq Azərbaycan ordusu ancaq hücum mövqeyində oldu. Elə bir gün olmadı ki, Şanlı Ordumuz yeni kənd, yeni qəsəbə, rayon azad etməsin.
Parlaq zəfərlə başa çatan müharibədən sonra Azərbaycan dövləti qələbənin eyforiyasından əziyyət çəkmədi. Tez bir zamanda Qarabağda quruculuq, təmir-bərpa işlərinə start verildi. Yeni yollar çəkildi, körpülər salındı, Zəngilanda Ağalı kəndi tikilərək sakinlərin istifadəsinə verildi. Paralel olaraq Ermənistanla sülh danışıqları davam etdirildi.
Mətanət Səfərli,
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı