“Bu gün həm də bütün Türk dünyasının bayramıdır”
Türk dünyası tarixinin ən şanlı və ən güclü dövrlərindən birini yaşayır. Bu tarixin içində yaşamaq, bu şərəfli, qürurlu təqvimlərin şahidi olmaq, bu soyun bir fərdi kimi, bu ölkənin bir vətəndaşı kimi məni də fərəhləndirir.
Əlbəttə ki, bu yolda zəiflədiyimiz, tükəndiyimiz zamanlar da olub. Ancaq irqimizin, soyumuzun ruhundan güc alaraq, genetikamızda əsrlərdir daşıdığımız o milli enerjidən faydalanaraq yenidən ayağa qalxmağı, dirçəlməyi, böyük dövlətlər qurmağı bacarmışıq. Bunlar əsla mübaliğə deyil, həqiqətdir və tarixi vərəqləyərkən hər kəs bunun şahidi olur.
Bəhs etdiyim o şərəfli tarixlərdən biri də 29 oktyabr 1923-cü ildə böyük Atatürkün başlatdığı qurtuluş savaşı ilə yenidən doğulan Türkiyə Cümhuriyyətidir. Osmanlının parçalandığı, torpaqlarımızın əsarət altında olduğu və yenidən diriliş üçün dünyaya meydan oxuduğumuz o gün, təkcə Türkiyənin deyil, həm də bütün türk dünyasının zəfər günüdür.
Bəli, 29 oktyabr böyük və güclü Türkiyəmizin Müstəqillik günüdür. O müstəqilliyin qazanılmasında, al bayrağımızın 100 ilə yaxındır ki, başımızın üzərində qürurla dalğalanmasında minlərlə şəhidimizin qanı axıb. Bu böyük və güclü dövlətin var olmasında hazırda torpaqlarımızda yaşayan bütün millətlərin can payı var. Onlardan biri də hal-hazırda yaşadığım, torpağına, suyuna qarışmış olduğum mənim doğma türk qardaşlarımın evi olan can Azərbaycan xalqıdır.
Azərbaycanlı qardaşlarımız Atatürkün öndərlik etdiyi Qurtuluş savaşında minlərlə şəhid verib. O çətin tarixi dönəmlərdə həm maddi, həm də mənəvi olaraq yanımızda olan qardaşlarımız öz canlarıyla Türkiyənin bütünləşməsində iştirak etdilər. Bu barədə çox sözlər yazmaq, çox faktlar göstərmək olar. Şükürlər olsun ki, bu qardaşlıq bağlarının haradan başlayıb hara gəldiyini bu gün böyükdən-kiçiyə hər kəs bilir.
Türkiyə Cümhuriyyətinin Osmanlıdan sonrakı müstəqillik tarixində yaşanan hadisələr can Azərbaycanın 1918 və 1991-ci il müstəqillik uğrunda yaşadığı o tarixi hadisələrlə demək olar eynidir. Eyni mədəniyyətin, eyni dinin, eyni dilin, eyni qanın daşıyıcıları kimi taleyimiz də eyni olub.
Bu gün Türkiyə və Azərbaycanın dünya səhnəsindəki yeri xüsusilə seçilir. Bu səviyyəyə illərlə, böyük əziyyət, zəhmət hesabına addım-addım nail olmuşuq. Atatürkdən başlayan cümhuriyyətin tarixi bugünkü qüdrətli Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana qədər çox ciddi, çətin sınaqlardan keçərək gəlib. Bu gün Türkiyə dünyanın ən güclü ölkələri sırasındadır. Müstəqil siyasəti və qətiyyətli qərarları ilə var olduğu coğrafiyada söz sahibidir.
Bu sözlər Azərbaycana da aiddir. 1918-ci ildə təməli qoyulan Azərbaycan adlı dövlətin 1991-ci ildə növbəti dəfə doğuluşu, qazandığı əbədi və əzəli müstəqilliyi dünya siyasətçisi kimi şöhrət qazanmış Ulu Öndər Heydər Əliyevlə yüksəlməyə başladı. Bu gün türk dünyasında gedən proseslər, milli ruhun dirçəlişi, əslində, 100 il əvvəl başlayıb.
İkinci Qarabağ müharibəsindəki şanlı zəfər isə bu dirilişin son siqnalı oldu. Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfər bütün türk dünyasını hərəkətə gətirdi.
Türkiyə əvvəlindən sonuna qədər can Azərbaycanın yanında olaraq qətiyyətli mövqe nümayiş etdirdi. Dünyaya bəyan edildi ki, Azərbaycanın haqq savaşına mane olmaq istəyən hər hansısa qüvvə qarşısında Türkiyəni görəcək. Bu əsl qardaşlıq nümunəsinin bariz təcəssümü idi.
Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, bu gün dünya miqyasında ikinci belə ölkələr yoxdur ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olsun.
Türkiyənin gücü Azərbaycanın gücüdür, Türkiyənin uğuru Azərbaycanın uğurudur və birlikdə bundan sonra da iki qardaş ölkə kimi çiyin-çiyinə irəliyə gedəcəyik. İki qardaş qarşısında bütün üfüqlər açıqdır. Həyata keçirdikləri birgə nəhəng layihələr Azərbaycan və Türkiyənin sarsılmaz birliyini, qüdrətini, gücünü göstərir.
Bu gün Türkiyə və Azərbaycanın coğrafiyada yürütdüyü qətiyyətli siyasət tarix boyu bizə düşmənçilik edən bütün ölkələri layiq olduğu masaya oturdub. Hər kəs həddini bilir artıq. Təbii ki, bütün bu uğurları hər iki ölkənin liderlərinə və ən əsası bu zəfəri qazanmış olan şəhid və qazilərimizə borcluyuq.
Şükürlər olsun ki, və “Sinerjipro” şirkətinin rəhbəri kimi çalışdığım bu ana vətəndə mən də bir iş adamı olaraq bu şərəfli tarixin şahidlərindən biriyəm. Malımızla, canımızla vətənimizin və Ali Baş Komandanımızın yanındayıq.
Bu yazdığım səmimi fikirlər hər iki vətənimə aiddir, həm Türkiyəyə, həm də Azərbaycana.
Azərbaycanlı qardaşlarım və öz adımdan canım Türkiyəmin Cümhuriyyət Gününün 99-cu ildönümü münasibətilə hər kəsi təbrik edirəm. Allah bu gözəl duyğuları, bu şərəfli tarixi bizə yaşadan şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun, inşallah!
Ufuk AYDIN,
“Sinerjipro”nun İdarə Heyətinin sədri