Zəngilandan keçən azadlıq yolu…
44 günlük Vətən müharibəsinin hər bir günü Azərbaycan tarixinin əlamətdar hadisəsi olaraq xalqımız üçün yaddaqalandır
Vətən müharibəsinin xrinokasına diqqət etdikdə hər gün Müzəffər Ordumuzun irəlilədiyini görərik. 44 günün hər bir günü Azərbaycan tarixinin əlamətdar hadisəsi olaraq xalqımız üçün yaddaqalandır. Azərbaycan bu müharibədə öz hərbi strteji gücünü bir daha ortaya qoydu. Hərbi bölmə və hissələr işğaldakı rayonların azad olunması üçün xüsusi taktiki gedişlər ediblər. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan edib. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edilib.
Azərbaycan Ordusu Füzuli-Cəbrayıl istiqamətindən bir çox müdafiə xətlərini keçərək Zəngilanın işğalını əldə etməklə azadlığa yol açıb. Bu yol həm də Zəngilan dəhlizinə gedən yoldur…
Vətən müharibəsi günlərində Ermənistan Zəngilan istiqamətində bir neçə dəfə əks-hücum əməliyyatı keçirməyi planlaşdırıb. Lakin bu əks- hücum əməliyyatlarının qarşısı Azərbaycan Ordusu tərəfindən müvəffəqiyyətlə alınmışdı. Eyni zamanda Ermənistanın bu kimi planları onları daha da geri çəkilməyə məcbur etmişdi. Belə desək, özləri-özlərini tələyə salaraq sonlarının başlanğıcını qoyublar. Buna görə də ermənilər Zənginlan döyüşlərində böyük sayda itki veriblər. Ordumuz düşmənin yüzlərlə texnikasını məhv edib.
44 günlük Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də torpaqlarımızın işğaldan azad olunmasında, dövlət sərhədinin bərpası kimi çox mühüm və müqəddəs bir missiyanın uğurla həyata keçirilməsində böyük şücaət və qəhrəmanlıq göstərib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir. İşğaldan azad olunduqdan sonra Zəngilan rayonunda Dövlət Sərhəd Xidmətinin hərbii hissələri açılıb. Məqsəd bu ərazilərdə mövqelərin möhkəmləndirilməsidir. Ötən ilin aprelin 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksinin açılışında iştirak edərkən bu rayonun işğaldan azad olunmasının strateji əhəmiyyətini vurğulayıb. Cənab Prezident deyib ki, Vətən müharibəsi dövründə Azərbaycan-İran sərhədi tam bərpa edilib, işğal altında olmuş 132 kilometr sərhəd bərpa edilib: “Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. Bu hərbi hissənin fəaliyyətə başlaması bunun bariz nümunəsidir. Bütün sərhəd boyunca – həm Azərbaycan-İran, həm Azərbaycan-Ermənistan sərhədləri boyunca lazımi işlər aparılır”.
Bu gün Zəngilan rayonu yeni inkişaf dövrünü yaşayır. Zəngilanda hərbi hissələrin tikintisi ilə yanası, ümumiyyətlə, “Böyük Qayıdış” layihəsi həyata keçirilir. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edilib, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Bütün bu obyektlərin açılışında Prezident İlham Əliyev iştirak edib. İşğaldan azad olunduqdan sonra cənab Prezident Zəngilana 5 dəfədən artıq səfər edib. Onun hər bir səfərində Zəngilanda yeni-yeni tikililərin şahidi oluruq. Zəngilan Azərbaycan dövləti üçün strateji əhəmiyyətli rayondur. Digər rayonlar kimi Zəngilanda aparılan bərpa-quruculuq işlərinə də Prezident İlham Əliyev diqqət edir. Məhz buna görə də dövlətimiz regionların, eləcə də işğaldan azad olunan rayonların inkişafı missiyasını uğurla icra edir.
K.Y.Fərəcova adına Elmi–Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu