Uğurlu diplomatik siyasət xalqımızı qələbədən-qələbəyə apardı
44 günlük Vətən müharibəsi Zəfər tariximizi yazaraq, qısa zaman kəsiyində Azərbaycanı böyük tarixi qələbəyə apardı. Bu qələbəni qazanmağımız 44 gün ərzində olsa da, Azərbaycanda aparılan ordu quruculuğu işləri, dövlətimizin iqtisadi gücünün artması, dünya birliyində nüfuzunun yüksəlməsi, uğurlu diplomatik siyasət xalqımızı qələbəyə doğru aparırdı. 44 günlük Vətən müharibəmizdə hər səhərimiz qələbə sorağı ilə açılırdı və bu qələbə sevincini bizlərə yaşadan Ali Baş Komandanın qətiyyətli mövqeyi, ordumuzda, əsgərlərimizdə böyük ruh yüksəkliyinin olması, eləcə də döyüşkənlik əzmi, Qələbə əzmi idi. İşğaldan azad olunan ərazilərimiz igid oğulların qanı-canı bahasına geri alınırdı. Böyük qəhrəmanlıq dastanına çevrilən uğurlu əməliyyatlar dünya dövlətləri tərəfindən belə, izlənilirdi. 30 ilə yaxın işğalda olan ərazilərimizdə düşmən tapdağından azad olunaraq, qürurumuz olan Azərbaycan bayrağı dalğalandırılırdı.
Elə ilk gündən – 27 sentyabr tarixində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər, 3 oktyabrda Tərtər rayonunun Suqovuşan və Talış kəndləri, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi, 4 oktyabrda Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri işğaldan azad olundu. Hər gün qələbə sevinci ilə yaşayırdıq. Bu, məğrurluq, ucalıq gətirdi xalqımıza. “Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atırdı, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Haradadır bu “yenilməz Ermənistan ordusu?”. Görün, necə qaçır bizim qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq”, – deyə dövlət başçısı bildirmişdir.
17 oktyabr tarixi. Bu gün isə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olundu. Əlbəttə ki, Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri kimi tarixə düşdü. Bu qələbənin qazanılmasında Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
1993-cü il 23 avqust tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Füzulinin 27 illik həsrətinə son qoyuldu. 1988-ci ildən başlayan Ermənistan təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1.100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. Müharibənin əsas ağırlığını Füzuli şəhəri Yağlıvənd, Dövlətyarlı, Qacar, Divanalılar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə, Mollavəli, Xatunbulaq kəndlərinin əhalisi çəkmişlər. 23 Avqust 1993-cü ildə Füzuli Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovulub. Lakin Azərbaycan ordusunun 1994-cü ilin dekabr ayında başlatdığı Horadiz əməliyyatı nəticəsində işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi. Azərbaycan ordusu daha sonra Füzuli şəhərinin işğaldan azad olunması üçün hücuma keçsə də, bu əməliyyat uğursuzluqla nəticələndi.
Bu gün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalanır. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.
2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Bu gün Füzuli rayonu özünü yeni inkişaf dövrünü yaşayır və abadlıq-quruculuq işləri həyta keçirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə səfərləri çərçivəsində yeni müəssisələrin təməlinin qoyulması görülən işlərin miqyasını bir daha göstərmiş olur. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanı “Qarabağın hava qapısı” elan olunub. Bu isə ondan xəbər verir ki, sözügedən hava limanının istifadəyə verilməsi bir tərəfdən Qarabağın, digər bölgələrimizin, eyni zamanda, dünya ilə əlaqələrinin daha genişləndirilməsinə imkan verəcək.
Dövlət başçımızın etdiyi səfərlər çərçivəsində Füzuli şəhərlərinin Baş planının təsdiqlənməsi, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi, Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlqoyma mərasimi, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi, Çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi və digər genişmiqyaslı layihələr tezliklə Füzulinin müasir və yeni şəhərə çevrilməsinə səbəb olacaqdır.
Bu gün Azərbaycan Xalqı Qələbənin ikinci ildönümünü sevinc və qürur hissi ilə qeyd edir. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Yaşasın Ali Baş Komandan, Yaşasın Müzəffər Azərbaycan Ordusu!
Adil HƏMİD,
şair-publisist