Nizami rayonunda 27 Sentyabr-Anım Günü qeyd olunub
Nizami rayonunda Milli Məclisin deputatlarının, qonaqların, şəhid ailələrinin, qazilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Rayon İcra Hakimiyyəti və Missiya Media Qrupunun birgə dəstəyi ilə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə yeni inşa olunan abidə kompleksinin önündə rəsmi tədbir keçirilib.Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək bildirib ki, ölkəmizin ərazi bütövlüyünün qorunması, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələri xalqımız tərəfindən daim uca tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.Şəhidlərimizin əziz xatirələri Nizami rayonunda da sonsuz ehtiram və hörmətlə yad edilir. Onların xatirələrinin əbədiləşdirilməsi, yaşadığı binaların qarşısında, oxuduğu məktəblərdə xatirə komplekslərinin, guşələrin yaradılması istiqamətində bir sıra işlər həyata keçirilmişdir və bu işlər bu gün də davam etdirilir. Yeni inşa edilən bu abidə kompleksi də Vətən müharibəsində Nizami rayonundan şəhid olmuş qəhrəman oğullarımızın müqəddəs ruhlarına əbədi xatirədir.
Eyni zamanda, kompleksin yerləşdiyi parkda böyük abadlaşdırma işləri aparılıb, yeni oturacaqlar qoyulub, ağac və bəzək kolları əkilib, yeni yaşıllıq sahələri salınıb, təhlükəsizlik kamerası və yeni işıqlandırma sistemi qurulub.
Tədbirdə həmçinin Milli Məclisin deputatları Rasim Musabəyov, Sədaqət Vəliyeva, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media qrupunun baş redaktoru Nicat Dağlar çıxış ediblər.
Vətən müharibəsi qəhrəmanı şəhid Azad Hümbətovun atası Arif Hümbətov və qazi Kamil Duniyev öz çıxışlarında şəhidlərimizin əziz xatirələrinə, eləcə də şəhid ailələrinə və qazilərə göstərdikləri böyük qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dərin təşəkkürlərini bildiriblər.
Tədbirdə şəhidlərin xatirəsinə həsr olunmuş kompozisiya nümayiş olunub, şeirlər səsləndirilib, həmçinin rayon ictimaiyyəti adından abidə kompleksi önünə əklillər və gül dəstələri qoyulub.
Sonda 27 Sentyabr – Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.