Niderlandda şəhidlərimizin xatirəsinə anım tədbiri keçirilib
Tədbiri giriş sözü ilə açan Azərbaycan- Niderland Odlar Yurdu Cəmiyyətinin sədri Frəngiz Bağırova bildirib: “Əziz həmvətlilərim, həmyerlilərimiz, artiq bir neçə həftədir ki, Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyəti olaraq 18 sentyabr, Milli Musiqi gününə həsr edilmiş tədbirimizlə bağlı sizlərə media yolu ilə məlumat verirdik. Amma məlum hadisələr ucbatından Vətən yolunda canını fəda etmiş 80 Şəhidimizin ruhuna hörmət əlaməti olaraq tədbirimizin mahiyyətini dəyisdirməyə qərar verdik. Bu gün biz burda Şəhidlərimizin əziz xatirəsini anmaq üçün yığışmışıq.
Hər zaman olduğu kimi Vətənimizin yanındayıq, ürəyimiz, ruhumuz Vətənlə döyünür. Şəhid olan hər bir bala, bizim də balamızdı. Bunu hamımızın adından deməyə ərk edirəm, çünki bilirəm siz də mənim kimi neçə gündü ağlayıb, qazilərimizə şəfa, o nur üzlü Şəhidlərimizə rəhmət diləyirsiniz”.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra anım tədbiri öz işinə başladı.
Azərbaycanın Dövlət Himni Frəngiz xanımın ifasında akapella olaraq səsləndi. Niderlandda fəaliyyət göstərən icma və təşkilat sədrlərinin çıxışı oldu.
Onu da qeyd edək ki, konsert proqramı üçün danışılan zalın müdiriyyəti, tədbirdən bir neçə saat öncə Frəngiz xanıma zəng edib, hansısa erməni(lər) tərəfindən olan zənglər və messajlara məruz qaldığını bildirib. Bu üzdən binada anım proqramını keçirmək icazəsini geri çəkdiklərini bildiriblər.
Ona görə də anım tədbirinin məkanı dəyişdirilib.