Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Gülçöhrə və Əsgər” tamaşasının premyerası olub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli alim, Xalq yazıçısı Kamal Abdullanın “Gülçöhrə və Əsgər” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.
“Gülçöhrə və Əsgər” tamaşası dahi bəstəkar Üzeyir Hacıbəylinin xoşbəxt sonluqla bitən “Arşın mal alan” operettasının davamı kimi qələmə alınıb, lakin tamamilə fərqli təəssürat yaradıb. Səhnə əsərində Gülçöhrə ilə Əsgərin məşəqqətli həyat hekayələri fonunda Azərbaycan Xalq Cümhuriyyəti dönəmində bolşeviklərin törətdiyi faciələr göstərilir.
Qeyd edək ki, musiqili dramın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovdur.
Xatırladaq ki, səhnə əsərinin rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Əliyeva, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Tamilla Aslanova və Çimnaz Bağırovadır.
Tamaşada Əməkdar artistlər Əzizağa Əzizov, İqrar Salamov, Prezident mükafatçfıları Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, Prezident təqaüdçüsü Atilla Məmmədov, aktyorlar Nicat Əli, Faiq Mirzəyev, Gültac Əlili, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Elçin İmanov, İbrahim Əlizadə, Elxan İsmayılov, Əli Kərimov, Orxan Hüseynov, Kamil Cəfərov, Məhəmməd Məmmədov, Nihad Həbibov, həmçinin xor və balet artistləri iştirak ediblər.
Mir Əjdər Dadaşov
