Azərbaycan Avropanın Ağırlıqqaldırma Mərkəzi statusuna namizəd olub
Azərbaycan Avropanın Ağırlıqqaldırma Mərkəzi statusuna namizəd olub.
“Report“un məlumatına görə, Bəhreynin paytaxtı Manamada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsinin iclası keçirilib.
Tədbirdə bir çox məsələlərlə yanaşı qurumun Beynəlxalq Tədris Mərkəzlərinin hansı ölkələrdə qurulması da müzakirə edilib. Gündəliyə Avropa, Asiya, Afrika, Amerika və Okeaniya üzrə seçimlərin edilməsi salınıb.
İclasda Azərbaycan nümayəndə heyəti də iştirak edib. Azərbaycan Respublikasının Gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudovun da qatıldığı iclasda Azərbaycanın namizədlik təqdimatı edilib. Öncə Kamran Nəbizadə çıxış edərək dəvət və federasiyamıza bu layihədə iştirak imkanı üçün beynəlxalq quruma təşəkkür edib və göstəriləcək etimadı doğruldacaqlarına əmin olduğunu qeyd edib.
Daha sonra təqdimata start verilib. Burada IWF-in Avropa üzrə BTM-ni təşkil etmək istəyən ölkəmizin tarixi, bu günü, turizm potensialı, geniş infrastruktur imkanları, beynəlxalq tədbirlərin təşkili üzrə böyük təcrübəsi, idman nailiyyətləri və digər üstünlükləri, həmçinin Azərbaycanda başda Cənab Prezident İlham Əliyev olmaqla idmana dövlət səviyyəsində diqqət və qayğı göstərildiyi barədə məlumat verilib, xüsusi videoçarx nümayiş etdirilib.
Sonra Mariana Vasileva çıxış edib. O, IWF-lə əlaqələri yüksək qiymətləndirdiklərini, qurumun tədris məsələlərinə bu qədər önəm vermələrini təqdir etdiklərini bildiriblər. Vasileva qeyd edib ki, Gənclər və İdman nazirliyi bu layihənin dəstəkçisidir və BTM-in qurulmasını Azərbaycan ağırlıqqaldırması və ümumən idmanının inkişafı istimaqətində vacib addım sayır.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və İcraiyyə Komitəsinin digər üzvləri Azərbaycan, onun idmanı, burada idmana ən yüksək səviyyədə göstərilən diqqəti xüsusi fərqləndirib və uğurlar arzulayıblar.
Dünyada cəmi 5 belə mərkəz qurulacaq. Azərbaycanla yanaşı bu hüququ əldə etmək üçün Asiyada Çin, Afrikada Misir, Amerikada Kuba, Okeaniyada isə Avstraliya iddialıdır.
BTM-də ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursları, lisenziyalaşdırma üzrə seminar və mühazirələr, həmçinin müvafiq hakimlik məşğələləri, digər texniki rəsmilər, həmçinin idmançılar üçün dərslər, kateqoriya və ixtisas təlimləri keçiləcək. Mərkəzdəki tədrisdə Avropa və ehtiyac olacağı təqdirdə yaxın region ölkələrinin nümayəndələrinin iştirakı təmin ediləcək. Azərbaycanda BTM paytaxt Bakıdakı ASK Arenada yerləşəcək.