Bakıda “Sabunçu keçidi”ndə batan ikinci şəxsin də meyiti çıxarıldı
Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs – 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sonxeber.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.
***15:56
Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə (“Sabunçu keçidi” adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədinin aşkarlanması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Sonxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında qeyd edilib.
Bildirilib ki, FHN qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir.
***14:58
Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd edək ki, “Sabunçu keçidi” adlanan əraziyə su dolması nəticəsində “Ford”markalı avtomobil batmışdı. Avtomobildə iki nəfərin olduğu və boğulanların həmin şəxslər olduğu deyilirdi.