Bakı o günü böyük həyəcanla gözləyir – Məktəblər, yollar bağlanır…
Noyabrda keçiriləcək COP29 sammiti müddətində Bakı, Abşeron və Sumqayıt ərazilərində bir sıra məhdudiyyətlərin tətbiq ediləcəyi açıqlanıb. Sözügedən ərazilərdə 12-22 noyabr tarixlərində ali, orta ixtisas və peşə təhsil müəssisələrində tədrisin distant təşkil ediləcəyi, ümumi təhsil müəssisələrinin isə payız tətilinə çıxacağı bildirilib.
KONKRET.az xəbər verir ki, həmçinin sammit müddətində paytaxta giriş-çıxışın məhdudlaşdırılacağına dair qeyri-rəsmi məlumatlar da yayılıb. Bir sıra zəruri təhlükəsizlik tədbirlərinin görüləcəyi gözlənilir.
Bəs həmin 10 gün müddətində şəhər bu tədbirlərə necə uyğunlaşacaq?
Mövzunu şərh edən VI çağırış Milli Məclis deputatı Ceyhun Məmmədovun fikrincə, bu məsələlərlə bağlı dövlətin rəsmi mövqeyini gözləmək lazımdır.
O deyib ki, bu gün distant təhsilə keçid və digər məsələlərlə də bağlı geniş müzakirələr aparılır:
“Bununla bağlı aidiyyəti qurumlar və işçi qrupları var. Onlar da bu prosesə nəzarət edəcəklər. Burada lazım olan qərarlar qəbul ediləcək, müəyyən addımlar atılacaq. Hər birimiz yalnız rəsmi məlumatları gözləməliyik. Rəsmi açıqlamadan sonra cəmiyyətə də rəsmi açıqlama veriləcək. Hazırda ictimaiyyəti çaşdıra biləcək açıqlamalardan, mövqelərdən çəkinməliyik. Bu prosesdə tələskənliyə yol vermək olmaz. Həmin dönəmdə müəyyən qərarlar qəbul ediləcək, addımlar atılacaq. Hesab edirəm ki, Azərbaycanın əvvəlki dövrdən çox böyük təcrübəsi var. Biz çox böyük yarışlara – Avropa Oyunlarına, “Eoruvizion” mahnı müsabiqəsinə, İslam Həmrəyliyi Oyunlarına, “Formula-1” yarışlarına, eləcə də digər oyunlara ev sahibliyi etmişik. Azərbaycanın dövlət qurumlarının bu sahədə çox böyük təcrübələri var”.
C.Məmmədovun fikrincə, insanlarımız ölkəmizdə keçirilən tədbiri nəzərə almalıdırlar:
“Burada distant təhsilə keçid edilməsi və keçə bilməsi normaldır. Eyni zamanda, bəzi sahələrdə də distantın tətbiq edilməsi təbiidir. Fikrimcə, bu addım 10 gün müddət ərzində ciddi problem yaratmayacaq, çətinlik də olmayacaq. Sadəcə, insanlarımız özləri məsuliyyətli, diqqətli olmalıdır. Çalışıb, dövlətin qəbul etdiyi qərarları dəqiq yerinə yetirək ki, sabah hansısa bir problem, çətinlik yaranmasın. Zəruri tədbirlər nəticəsində bu işi uğurla yerinə yetirəcəyik. Nəzərə almalıyıq ki, COP29 tədbirini ölkəmizdə keçirməyin özü bir şərəfdir, böyük məsuliyyətdir, diqqət tələb edən məsələdir. Bu, heç də hər dövlətə, ölkəyə nəsib olan tədbir deyil, amma Azərbaycana nəsib olub. Bununla qürur duymalı, dövlətin yanında olmalı, dəstək verməliyik. Açıqlamalarda, yanaşmalarda da maksimum dərəcədə diqqətli olmalıyıq”.