Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın Şəhadət Günü

Bu gün Şəhid Milli Qəhrəman İsgəndər Aznaurovun şəhadət günüdür.

 

İsgəndər Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlmişdir. 1963-cü ildə orada məktəbə getmiş və 1973-cü ildə məktəbi bitirmişdir. Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuş, 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Sonra bir müddət Daşkənd Vilayətinin Axanqaran rayonunda çalışmışdır.

 

1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüzminlərlə axısqa türkü kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda işləyib.

Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin aprelində könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil qoşulmuşdur. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıtmışdır. 1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv etmiş və düşmən onun başı üçün pul mükafatı müəyyənləşdirmişdir.

Aznaurovu “N” saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunmuşdur. Başkəndin erməni quldurlarından təmizlənməsində, “Mutudərə”, “Ərdağı”, “Kaftar qayası”, “Ləzgi daşı” əməliyyatlarında xeyli düşmən texnikası, canlı qüvvəsini məhv etmişdir.

1993-cü il 18 apreldə Gədəbəydə “Örükdaş”da düşmənin 13 texnikasına qarşı, 3 növ texnika ilə vuruşur. Səhhətində problemlər yaranmasına baxmayaraq müalicə almaqdan imtina edir. Daha sonra arxa cəbhədəki mövqeyini tərk edərək, minalanmış geniş ərazini keçərək ön cəbhəyə – döyüşlərin ən qızğın hissəsinə yollanır. Orada gedən atışmalar zamanı Aznaurovun topu düşmən hədəfinə tuş gəlir və qəhrəmancasına həlak olur. Bakının Şəhidlər Xiyabanında dəfn edilir.

Ailəli idi, 3 qızı var.

Azərbaycan xalqı arasında “Topçu İsgəndər” kimi tanınırdı.

Onun şərəfinə Gədəbəy rayonunun Şınıx kəndinin Mormor yüksəkliyində “İsgəndər qalası” və “İsgəndər postu” adlandırılıb. Aznaurovun istifadə etdiyi KS19 topu isə hələ də nümunə olaraq saxlanılır. Şəmkir rayonunda Ceyrançöldə salınmış qəsəbəyə onun adı verilib. Gədəbəydə “N” saylı hərbi hissənin önündə isə büstü ucaldılıb. Şəmkir rayonunun Kür qəsəbəsindəki 1 saylı məktəb onun adını daşıyır. Məktəbin qarşısında onun büstü ucaldılıb. Şəmkir rayonunda 2 saylı orta məktəbdə isə onun adına “Xatirə muzeyi” yaradılıb. Muzeydə Aznaurovun həyatını, keçdiyi döyüş yolunu əks etdirən fotostendlər qurulub, şəxsi əşyaları toplanıb.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

 

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ