Bu gün Şəhid Milli Qəhrəman Sadiq Dayandur oğlu Hüseynovun şəhadət günüdür.
Sadiq Dayandur oğlu Hüseynov 29 iyul 1961-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuşdur. Orta təhsilini Ağcabədi rayon kənd orta məktəbində aldıqdan sonra Xankəndi Pedaqoji İnstitutunun İbtidai Metodika fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. Elə həmin il ordu sıralarına çağırılmışdır. O, hərbi xidmətini başa vurduqdan sonra yarımçıq qalmış təhsilini davam etdirmiş, institutu bitirərək doğma kəndlərinə qayıtmışdır.
Sadiq vaxtilə oxuduğu məktəbdə əvvəl pioner baş dəstə rəhbəri, sonra isə müəllim işləmişdir.
O,DİN-nin sərəncamı ilə Şuşa rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsinə təyin edildi. Erməni quldurları Şuşaya hücum edəndə Sadıq da digər polis əməkdaşları kimi şəhərin müdafiəsində yaxından iştirak etmiş, düşmənə ağır zərbələr endirmişdir. Onun başçılıq etdiyi dəstənin səyi nəticəsində onlarla erməni yaraqlısı məhv edilmiş, xeyli silah-sursat ələ keçirilmişdir.
Sadiq 29 mart 1992-ci ildə ağır yaralanmasına baxmayaraq yenə də silahı yerə qoymur, döyüşə atılır.
13 aprel 1992-ci ildə erməni silahlı birləşmələri Şuşanı ağır raket atəşinə tutmuşdu. Sadiq Hüseynov yaralı yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.
Ağcabədi rayonunun Xocavənd kəndində dəfn edilmişdir.
Ailəli idi. Bir qız övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidenti tərəfindən Sadiq Dayandur oğlu Hüseynov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Xocavənd kənd orta məktəbinə qəhrəmanımızın adı verilmişdir.
Milli Qəhrəmanlar Təşkilatının Nərimanov rayon sədri Ədhəm Məmmədov qəhrəmanımızın xatirəsini yad edərək ailəsinə başsağlığı verdi.
Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.
Allah rəhmət eləsin!
NƏRMİN SƏFƏROVA
VƏTƏNQƏHRƏMANLARI.AZ