Aydın Kərimov: “Azərbaycan Şuşa şəhəri ilə Türkiyə şəhərləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına böyük önəm verir”
Azərbaycan və Türkiyə arasında dünyada bənzəri olmayan qardaşlıq münasibətləri iki dövlət arasında bütün sahələrdə davam edən sıx əməkdaşlığın əsasını təşkil edir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Türkiyənin Kayseri şəhərində “Şuşa” Azərbaycan evinin açılış mərasimində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan tərəfi 44 günlük vətən müharibəsində qazanılmış zəfərdən sonra işğaldan azad edilmiş Şuşa şəhəri ilə Türkiyə şəhərləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına böyük önəm verib: “Son üç ildə Şuşa şəhəri ilə dünyanın müxtəlif ölkələrinin 9 şəhərləri arasında qardaşlaşma və əməkdaşlıq əlaqələri qurulub. Təsadüfi deyil ki, bu şəhərlərdən ikisi məhz Türkiyənin Ərzurum və Kayseri şəhərləridir”.
A. Kərimov iki ölkə arasında müttəfiqliyə dair bəyannamənin də məhz Şuşa şəhərində imzalanmasının xüsusi məna daşıdığına da vurğulayıb.