Siyası Online Qəzet

Yevlaxda polis və qazi narazılıqlarına aydınlıq gətirildi. Araşdırma aparılır

Xəbər verdiyimiz kimi 15 mart və 21 mart 2024-cü il tarixlərdə Yevlax şəhərində yol patrul xidməti əməkdaşları ilə ayrı-ayrılıqda iki Vətən müharibəsi iştirakçısı arasında təkrar qeyd olunmasını zəruri hesab etmədiyimiz bir neçə xoşagəlməz hal baş vermişdir.

 

Qeyd etmək istəyirik ki, baş vermiş sözügedən xoşagəlməz hallarla bağlı hər iki vətəndaş tərəfindən (Vətən müharibəsi iştirakçıları) saytımıza daxil olan şifahi müraciətlə bərabər əldə etdiyimiz videogörüntüləri xəbərin ilkin məlumat mənbəyi hesab edərək, eyni zamanda xüsusi həssas qrupa daxil olan və torpaqlarımızın düşmən tapdağından azad olunmasında xüsusi xidmətləri olan Vətən müharibəsi iştirakçılarının xahişini nəzərə alaraq (Ağır nəticələrin qarşısını vaxtında almaq məqsədi ilə) Media Haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əsasən baş vermiş xoşagəlməz halları saytımızda işıqlandırmışdıq.

 

Bildirmək istəyirik ki, sözügedən xoşagəlməz hallarla bağlı saytımızda dərc olunan əsaslı məlumatdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti və Yevlax Rayon Polis İdarəsinin rəhbərliyi məsələyə qanuni müdaxilə etmiş və baş vermiş xoşagəlməz hadisənin həlli istiqamətində müsbət addımlar atmışdır. Belə ki, qeyd etdiyimiz məsələ ilə bağlı hər iki Vətən müharibəsi iştirakçısı, qazi Yevlax Rayon Polis İdarəsinə dəvət edilmiş və məsələnin araşdırılması, eyni zamanda qanunamüvafiq qaydada həll olunması istiqamətində zəruri addımların atılmasına dair onlarla söhbət aparılmışdır.

Ümid edirik ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qanunamüvafiq qaydada addımlar atılacaq və bununla bağlı media vasitəsi ilə ictimaiyyətə əlavə məlumat verəcəkdir.